Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının Opera studiyasının konsert zalında konsert təşkil edib. SİA xəbər verir ki, qala tədbiri 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsinin beşinci ildönümünə həsr olunub.
Konsertdə teatrın simfonik orkestri və xoru baş dirijor, Əməkdar artist Əyyub Quliyev və baş xormeyster, Əməkdar artist Sevil Hacıyevanın dirijorluğu ilə çıxış edib.
Səhnədə Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev və Təyyar Bayramov, solistlər Mahir Tağızadə, Atəş Qarayev, Səma Həmzəyeva və Hidayət Əliyev çıxış ediblər. Konsert proqramında Cavanşir Quliyevin “Əsgər marşı”, “Azərbaycan” və “Turan” marşları, Müslüm Maqomayevin “Odlar yurdu”, Oqtay Zülfüqarovun “Şənlən mənim xalqım”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Niyazinin Vətən haqqında mahnıları, “Ay Laçın” xalq mahnısı, habelə Könül Hüseynova, Elza İbrahimova, Tamilla Əhədova, Bikə Axundovanın əsərləri, həmçinin Rüfət Axundzadənin “Qələbə marşı” yer alıb.
Azərbaycan xalqının rəşadətinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin rəmzi kimi ölkə tarixində əbədi həkk olunmuş əlamətdar bir tarixə təsadüf edən sənət axşamı Qələbə ruhunu, milli qüruru və klassik musiqinin əzəmətini birləşdirib, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.