"Azərbaycan-Türkiyə-Pakistan birliyi regional sabitliyin yeni dayağına çevrilir" - EKSPERT ŞƏRH ETDİ

9 Noyabr 2025 13:08 (UTC+04:00)

"Azərbaycan, Türkiyə və Pakistan arasında son illərdə formalaşan strateji tərəfdaşlıq münasibətləri artıq sadəcə diplomatik və ya mənəvi dostluqdan kənara çıxaraq, faktiki şəkildə regional təhlükəsizlik arxitekturasının mühüm dayağına çevrilib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert şərh etdi.

Onun sözlərinə görə, bu üç ölkənin liderlərinin həm hərbi paradlarda, həm də strateji səviyyəli görüşlərdə birgə iştirakı, xüsusən də Laçında keçirilən görüş və orada verilən mesajlar, “bir millət – üç dövlət” konsepsiyasının praktiki məzmun qazandığını göstərir: "Bu görüşlərdə səslənən tezislər yalnız dostluq bəyanatı deyil, həm də regional əməkdaşlıq, müdafiə sənayesi, enerji təhlükəsizliyi və informasiya müharibəsi sahələrində qarşılıqlı fəaliyyət planının konturlarını cızır. Azərbaycanın Türkiyə və Pakistanla əlaqələrinin bu səviyyəyə yüksəlməsi, xüsusən də 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlarda, Bakı-Ankara-İslamabad üçbucağını regional sabitliyin təminatçısına çevirib. Hər üç ölkə bir-birini strateji tərəfdaş deyil, qardaş dövlət kimi qəbul edir və bu münasibətlərin əsasını ortaq tarixi köklər, dini-mədəni yaxınlıq və bir-birinin milli maraqlarına hörmət təşkil edir. Bu ittifaq yalnız hərbi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Eyni zamanda, beynəlxalq səviyyədə Azərbaycanın mövqelərinin müdafiəsində Türkiyə və Pakistanın verdiyi dəstək, bu formatın siyasi çəkisini daha da artırır. Bu əməkdaşlıq modeli regionda yeni güc mərkəzinin formalaşmasına, xüsusilə də Cənubi Qafqazda dayanıqlı sülhün və balanslı qüvvə bölgüsünün yaranmasına töhfə verir.

Azərbaycan-Türkiyə-Pakistan birliyi artıq sadəcə diplomatik platforma deyil, gələcəkdə formal hərbi ittifaqın əsasını təşkil edə biləcək real təhlükəsizlik modeli kimi dəyərləndirilə bilər. Bu model həm regional sabitliyə, həm də beynəlxalq münasibətlər sistemində türk və islam dünyasının söz sahibinə çevrilməsinə xidmət edir".