“Zəfərdən qələmə” pyes müsabiqəsinin qalibləri müəyyənləşib

8 Noyabr 2025 16:43 (UTC+04:00)

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi başa çatıb. SİA xəbər ver ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin beşinci ildönümünə həsr olunaraq, milli dramaturgiya sahəsində yeni bədii əsərlərin yaranmasını təşviq etmək məqsədilə elan edilmişdi.

Müsabiqəyə təqdim olunan əsərlərdə həmçinin 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri, bu hadisələrin psixoloji və sosial təsirləri, qəhrəmanlıq nümunələri və xalqımızın Zəfəri əks etdirilməli idi.

Təqdim olunan əsərlər Mədəniyyət Nazirliyinin əmri ilə yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub. Müsabiqədə birinci yerə “Killigil əfsanəsi” pyesinə görə Pərviz Seyidli (3000 manat), ikinci yerə “Aslan gözü” əsərinə görə Aytac Məmmədli (2500 manat), üçüncü yerə isə “Kimsəsiz” pyesinə görə Hikmət Orhun (1500 manat) layiq görülüblər.