Füzuli şəhərində 8 Noyabr - Zəfər Günündə silsilə tədbirlər təşkil edilib və “Zəfərin mübarək Azərbaycan” adlı konsert olub. SİA xəbər verir ki, bayram tədbiri çərçivəsində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzində şagirdlərin əl işlərindən ibarət açılan sərgiyə baxış keçirilib, həmçinin “Zəfər Günü uşaqların gözü ilə" adlı ustad dərsləri təşkil edilib. Şagirdlər dağıntılardan geriyə qalan daşlar üzərində əl işlərini nümayiş etdiriblər.
Sonra keçirilən tədbirdə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb, “Zəfər salnaməsi” adlı film nümayiş olunub.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Füzuli şəhərinin sakinləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər öz doğma yurdlarına qovuşublar. Diqqətə çatdırılıb ki, suverenliyi və ərazi bütövlüyü bərpa olunan Azərbaycanın əzəli torpaqlarında şanlı bayrağımız dalğalanır, Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətdir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb. Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinin çıxışları izlənilib. Vətənpərvər ruhda mahnılar səsləndirilib, rəqs nümunələri izlənilib. Konsert proqramı tədbir iştirakçıkarında əsl Zəfər nayramı əhvali-ruhiyəsi yaradıb.