“Zəfər Günü bütöv bir millətin yenilənmiş siyasi gücünün rəmzidir” - ŞƏRH OLUNDU

8 Noyabr 2025 13:47 (UTC+04:00)

“8 Noyabr 2020-ci ilin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu deyə bilərik. Həmin gün Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində strateji və simvolik əhəmiyyət daşıyan Şuşa şəhərini azad etdi. Bu hadisə yalnız hərbi qələbə deyil, həm də dövlətin siyasi iradəsinin, milli birliyin və diplomatik səylərin birliyindən doğan tarixi nailiyyət idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib .

O bildirib ki, zəfərin siyasi nəticələri çoxşaxəlidir: “İlk növbədə, 30 ilə yaxın davam edən status-kvonun dəyişməsi regional geosiyasətdə yeni reallıq yaratdı. Ermənistanın işğalçılıq siyasətinin iflasa uğraması Cənubi Qafqazda güc balansını dəyişdirdi və Azərbaycanın regiondakı rolunu yüksəltdi. Rəsmi Bakı artıq təkcə enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, həm də təhlükəsizlik və diplomatik proseslərin aparıcı tərəfi kimi çıxış edir.

Digər vacib aspekt Azərbaycanın beynəlxalq imicidir. 44 günlük müharibə dövründə Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü bərpa etdi. Bu, həm də beynəlxalq sistemdə “ədalətli güc istifadəsi” presedentini yaratdı.

Zəfər Günü həm də daxili siyasətdə milli birliyin rəmzinə çevrildi. Müharibə dövründə siyasi baxışlardan asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri vahid məqsəd ətrafında birləşdi. Bu birlik, dövlətin legitimliyini və dayanıqlılığını gücləndirdi. Postmüharibə dövründə isə bu birlik Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda bərpa, reinteqrasiya və sülh gündəmini həyata keçirməsinə imkan yaradır.

Regional səviyyədə isə Zəfər Günü Cənubi Qafqazda yeni siyasi düzənin əsasını qoydu. Azərbaycanın artan təsiri fonunda Ermənistan üçün də sülh gündəmini qəbul etməkdən başqa real alternativ qalmadı. Zəngəzur dəhlizi və iqtisadi inteqrasiya perspektivləri regionun gələcək siyasi xəritəsini müəyyənləşdirəcək.

Nəticə etibarilə, 8 Noyabr təkcə hərbi qələbənin tarixi deyil – bu gün Azərbaycan üçün dövlət suverenliyinin bərpası, milli özünüdərkin möhkəmlənməsi və yeni geosiyasi mərhələnin başlanğıcı deməkdir. Zəfər Günü artıq tək bir hadisənin deyil, bütöv bir millətin yenilənmiş siyasi gücünün rəmzidir”.