Azərbaycanın Gənclər və Könüllü Təşkilatları birgə bəyanat yayıblar - FOTO

8 Noyabr 2025 13:45 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) tarixi Zəfərin 5-ci ildönümü ilə bağlı birgə bəyanatında vurğulanıb ki, bu gün Azərbaycan gəncləri və könüllüləri 8 Noyabr - Zəfər Gününü dərin qürur hissi ilə qeyd edirlər. SİA xəbər verir ki, vahid amal ətrafında birləşən xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və Ordumuzun şücaəti sayəsində beş il öncə əldə olunan tarixi qələbə Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Beynəlxalq hüququn təntənəsini təcəssüm etdirən bu qələbə ilə xalqımız 30 ilə yaxın davam etmiş işğal və ədalətsizliyə son qoydu. 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü, 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində isə bütün ölkə ərazisi üzərində suverenliyimiz tam bərqərar oldu. Azərbaycan artıq Qalib ölkə, biz isə onun Qalib gəncləriyik. Bu Qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, sağlamlığını itirmiş qəhrəmanlarımıza şəfa diləyirik.

Bəyanatda qeyd olunub ki, tarixi Zəfərimiz eyni zamanda xalqımızın doğma torpaqlarına qayıdışının, genişmiqyaslı yenidənqurma və dirçəliş dövrünün başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq və dövlətçilik məfkurəsi ilə böyüyən, dövlətimizin və dövlət başçısının ətrafında birləşən gənclər şanlı Zəfərə aparan yolda istər döyüş meydanında, istərsə arxa cəbhədə hər zaman ön sıralarda idi. Cənab Prezidentin söylədiyi kimi, “on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq”. Bu gün biz gənclər Böyük qayıdış və yenidənqurma prosesinin də aparıcı qüvvəsi olmaqdan qürur duyuruq. Artıq on minlərlə vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə yaşayır və çalışır. Bu insanların böyük əksəriyyətini məhz gənc nəsil təşkil edir.

“Zəfərin beşinci ildönümünü qeyd edərkən, bölgəmizdə ədalətli sülhün və sabitliyin bərqərar olması istiqamətində atılan mühüm addımları alqışlayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm müharibənin qalibi, həm də sülh gündəliyinin müəllifi kimi bizlərə öz nümunəvi liderliyini bir daha nümayiş etdirdi. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində regionda nəhayət əminamanlıq və davamlı inkişaf üçün möhkəm zəmin yaranmışdır. Bu, ölkəmiz və bütün Cənubi Qafqaz regionu üçün yeni tarixi dövrün başlanğıcı deməkdir”, - bəyanatda vurğulanıb.

“Zəfər bizim üçün sadəcə Qalib xalqın qürur mənbəyi deyil, həm də təhlükəsiz və parlaq gələcəyə yönəlmiş çağırışıdır. Biz, Azərbaycan gəncləri və könüllüləri, bu çağırışı qəbul edir və yeni tarixi dövr üçün üzərimizə düşən missiyanı lazımınca dərk edir, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı, ərazi bütövlüyü və suverenliyinin əbədi olaraq təmin edilməsi üçün öz üzərimizə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə hazır olduğumuzu bəyan edirik”, - Azərbaycanın gənclər və könüllü təşkilatları bəyanatını yekunlaşdırıb.