“Beynəlxalq səviyyədə həmrəyliyə və əməli tədbirlərə ehtiyac var” - DEPUTAT DANIŞDI

8 Noyabr 2025 12:57 (UTC+04:00)

“Son illərdə iqlim dəyişiklikləri, dünyada baş verən müharibələr, nüvə sınaqları və atmosferin çirklənməsi bütün dünyaya, o cümlədən Azərbaycana ciddi təsir göstərir. Bu hallar bəşəriyyəti ciddi şəkildə düşündürməyə və problemlərin aradan qaldırılması üçün yollar axtarmağa sövq edir. Artıq dünya ölkələri bu istiqamətdə səylərini birləşdirməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycanda keçiriləcək COP29 kimi beynəlxalq tədbirlər bu məsələlərin önəmini bir daha sübut edir: “Bu tədbirin yüksək səviyyədə təşkili, cənab Prezident İlham Əliyevin iqlim və digər qlobal problemlərlə bağlı göstərdiyi təşəbbüslər, ölkəmizin bəşəri problemlərə necə dəyər verdiyini nümayiş etdirir. İqlim dəyişikliyi həm iqtisadiyyata, həm insanların sağlamlığına, həm də mənəviyyatına mənfi təsir göstərir. Havanın qeyri-sabit olması əkinçilik, maldarlıq və digər sahələrə ziyan vurur. Sel və daşqınlar kimi təbii fəlakətlərin qarşısını almaq isə kifayət qədər çətindir.

Hazırda dünyada su qıtlığı, meşələrin azalması, torpaqların səhralaşması, havanın çirklənməsi və digər ekoloji problemlər müşahidə olunur. Bu hallar təkcə iqtisadi deyil, eyni zamanda mənəvi və sosial fəsadlara da səbəb olur. İnsanların gündəlik həyatına və rifahına ciddi təsir göstərir.

Bütün bu problemlər təkcə bir ölkənin deyil, bütün dünyanın problemidir. Bu səbəbdən də ölkələr, alimlər, mütəxəssislər birlikdə çalışmalı, konkret tədbirlər həyata keçirməlidirlər. İlk növbədə yaşıllıqlar artırılmalı, su hövzələri təmizlənməli, yeni su mənbələri və meşə sahələri yaradılmalıdır. Atmosferə buraxılan zərərli qazların həcmi azaldılmalı, ekoloji zərərli fəaliyyətlərə nəzarət gücləndirilməlidir. Təbiətin qorunması və iqlim dəyişikliyinin fəsadlarının azaldılması üçün beynəlxalq səviyyədə həmrəyliyə və əməli tədbirlərə ehtiyac var”.