Azərbaycanın Zəfər Günü Livanda da qeyd olunub - FOTOLAR

8 Noyabr 2025 11:56 (UTC+04:00)

Azərbaycanın Livandakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Səfirlikdən SİA-ya bildirilib ki, diplomatik nümayəndəliyin əməkdaşları əvvəlcə Akkar vilayətinin Kavaşra qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə əklil qoyublar. Sonra yerli din xadimləri şəhidlərin ruhuna dualar oxuyublar.

Səfir Səməd Həsənov tədbirdə çıxış edərək Zəfər Gününün bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycanın işğal dövründən Qələbə gününədək keçdiyi tarixi yola nəzər salan diplomat deyib ki, torpaqlarımızın 30 illik işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin canı və qazilərimizin sarsılmaz iradəsi sayəsində mümkün olub. Bu Zəfər xalq-iqtidar və xalq-ordu birliyinin təntənəsidir.

O, həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Qələbədən dərhal sonra qarşı tərəfə beynəlxalq hüququn prinsipləri əsasında sülh müqaviləsi imzalamağı təklif etməsi Azərbaycan dövlətinin və xalqının humanist mahiyyətindən irəli gəlir. Sülh danışıqlarının hazırkı gedişi bu təklifin davamı kimi qiymətləndirilir və belə bir müqavilənin imzalanması Cənubi Qafqazda, eləcə də bütövlükdə regionda sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Daha sonra Kavaşra bələdiyyəsinin rəisi Məhəmməd Xalid Abdullah və Livan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Əkrəm Tarhini çıxış edərək, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, bu qürur dolu sevinci azərbaycanlılarla bölüşdüklərini bildiriblər.

Tədbir Kavaşra qəsəbə liseyində yaradılmış “Azərbaycan otağı”nda Zəfər Gününə həsr olunmuş filmin nümayişi ilə davam edib.

Sonda səfirlik adından şəhidlərimizin əziz xatirəsinə ehsan verilib.