ABŞ Əhməd Əl Şaraaya qarşı sanksiyaları ləğv etdi

8 Noyabr 2025 02:48 (UTC+04:00)

ABŞ Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanı sanksiyalara məruz qalan şəxslər siyahısından çıxarmaq qərarına gəlib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatda Əhməd Əl Şaraaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların ləğv olunduğu təsdiqlənib.

Sanksiyaların ləğvi həmçinin keçid hökumətinin daxili işlər naziri Ənəs Xattaba da şamil edilib. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 6 noyabr tarixində ABŞ tərəfindən hazırlanmış qətnaməni qəbul edib. Qətnamə Əhməd əş-Şaraa və Ənəs Xattabın BMT-nin sanksiya siyahısından çıxarılmasını nəzərdə tuturdu. Avropa Komissiyası da Şaraanı yaxın gələcəkdə Aİ-nin sanksiya siyahısından çıxarmaq niyyətində olduğunu açıqlayıb.

Noyabrın 10-da Əhməd Əl Şaraa Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.