Nyu-Yorkda Zəfər Gününə həsr olunan şahmat turniri təşkil edilib

7 Noyabr 2025 19:57 (UTC+04:00)

ABŞ-ın Nyu-York ştatında 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə “Victory Trophy” adlı şahmat turniri keçirilib.

Turnir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbəri olduğu “Chess Father” şirkətinin təşkilatçılığı ilə baş tutub.

SİA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, açılış mərasimində Zəfər Günümüzün tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb. Vətən müharibəsində göstərilən qəhrəmanlıq, xalq–ordu birliyi və milli həmrəyliyin Azərbaycan tarixində misilsiz bir Qələbə səhifəsi yazdığı diqqətə çatdırılıb.

Turnirə ABŞ-ın müxtəlif ştatları və şəhərlərindən 50 şahmatçı (5-60 yaşarası) qatılıb. Hər bir şahmatçı 15 dəqiqəlik 6 qarşılaşmada hakimlərin nəzarəti altında mübarizə aparıb. Yarışda dünyada məşhur qrosmeysterlər Augustro Morah və Mark Paraqua da iştirak ediblər.

Turnirin qaliblərinə kubok və pul mükafatları, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.