Londonda Azərbaycan xalqının Zəfər Günü münasibətilə məşhur “Kings Place” mədəniyyət mərkəzində soydaşımız, Əməkdar artist, musiqiçi Elçin Şirinovun “Melody of Unity, Harmony of Victory“ (Birliyin melodiyası, Zəfərin harmoniyası) adlı konserti təşkil olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan konsertdə rəsmi şəxslər iştirak edib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad olunub, xalqımızın şanlı Zəfər tarixi haqqında geniş məlumat verilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasının tarixi əhəmiyyətini bir daha diqqətə çatdırıblar.
Qeyd olunub ki, xaricdəki azərbaycanlılar informasiya müharibəsində fəal iştirak etməklə torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs amal uğrunda mübarizəyə qoşulub, haqq səsimizi dünya ictimaiyyətinə vaxtında və tutarlı faktlarla çatdırıblar.
Sonra Elçin Şirinovun və onu müşayiət edən müxtəlif millətlərdən olan incəsənət ustalarının ifasında Azərbaycan musiqilərinin caz üslubunda improvizasiyaları səsləndirilib.
Soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri sənətçilərin yüksək peşəkar çıxışlarını sürəkli alqışlarla qarşılayıb, Azərbaycanın tarixi qələbəsinin dünyaya çatdırılmasında “səhnə diplomatiyası”nın əvəzolunmaz rolunu bir daha qeyd ediblər.