“Vətən müharibəsinin Şuşanın işğaldan azad edilməsi ilə başa çatması və Zəfər Gününün məhz bu təqvimdə qeyd edilməsi şəhərin ölkəmiz üçün tarixi, siyasi və mənəvi əhəmiyyəti ilə yanaşı bütövlükdə coğrafiyamız üçün geosiyasi və strateji önəmini bir daha göstərmiş oldu”. Bu sözləri SİA-yq açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsinin gedişində Şuşa şəhərinin işğalı proseslərin sonrakı mərhələsi üçün həlledici rola malik oldu və şəhərin itirilməsi ilə bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun işğalı labüdləşdi:
”1992-ci ilin may ayında AXC-Müsavat ünsürlərinin hakimiyyət üçün Şuşanı qurban verməsi ilə o zamankı Laçın dəhlizi vasitəsilə Qarabağın Ermənistanla fiziki olaraq birləşdirilməsi, o cümlədən Xankəndinin işğalının dayanıqlığının təmin olunması başa çatmış oldu və nəticə etibarı ilə yaranan xaosdan istifadə edən AXC-Müsavat çütlüyü Azərbaycanda hakimiyyəti ələ keçirdi. Sonrakı dövrdə proseslərin gedişatı bir daha sübut etdi ki, Şuşa kimin nəzarətindədirsə, Qarabağ və Şərqi Zəngəzura faktiki nəzarət də ona məxsus olur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən etibarən qətiyyətlə bəyan edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu mənada əks hücum əməliyyatları başlayan andan Azərbaycan Ordusunun əsas istiqaməti və hədəfi düşmən işğalından azad edilməsi olmuşdu. Yəni Şuşanın işğaldan azad edilnəsi Azərbaycan üçün prinsipial məsələ idi və əzəli, əbədi Azərbaycan torpağı olan bu şəhərin hərb tarixində misli görünməmiş ustalıqla düşmən tapdağından təmizlənməsi Azərbaycana, o cümlədən ordumuza ruh yüksəkliyi və strateji üstünlük qazandırmaqla bərabər düşmənin onsuz da sınmış döyüş ruhunu tamamilə yerlə-yeksən olunmasına gətirib çıxardı. Təsadüfi deyil ki, məhz Şuşa işğaldan azad edildikdən sonra Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiyaya, habelə bir güllə atmadan Ağdam, Kəlbəcər və Laçını işğaldan azad etməyə razılıq verdi. Əsgər və zabitlərimizin yolsuzluq şəraitində sıldırım qayalardan və dərin dərələrdən keçərək Şuşanı işğaldan azad etməsi həm də müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına və müzəffər liderimiz cənab İlham Əliyevə vəsiyyətinin yerinə yetirilməsi baxımından ideoloji yükə malikdir. Təsadüfi deyil ki, möhtərəm Prezident qələbə xəbərini məhz Şuşanın azadlığı fonunda xalqımızla bölüşmüş, Şuşanın dirçəldiləcəyi barədə bəyanatı ilə isə böyük quruculuq-bərpa və Böyük Qayıdış prosesinin başlandığını elə Zəfər Günündəcə elan etmiş oldu. Şuşanın işğaldan azad edilməsi eyni zamanda Birinci Qarabağ müharibəsi və zonrakı dövrlərdə Ermənistanın dövlət siyasəti çərçivəsində Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı törətdiyi çoxsaylı cinayətlərin döyüş meydanında qisasının alınması demək idi və təsadüfi deyil ki, möhtərəm Prezident Azərbaycanın mədəniyyət paytaxtının erməni tapdağından qurtulmasını Şəhidlər Xiyabanından bəyan etməklə bu missiyanın uğurla və şərəflə tamamlandığını göstərdi. Bu gün azad Şuşa öz tarixinin ən geniş quruculuq və bərpa prosesini yaşamaqda və əzəli, əbədi sakinlərini qəbul etməkdədir. 30 il ərzində cinayətkarların içki meydanına və vandal idealogiya ifadə edən rəqslərinə məruz qalan Cıdır düzü artıq çoxsaylı mədəni, hümanitar tədbirlərlə, o cümlədən Şuşa şəhəri siyasi Zirvələrlə coğrafiyamızın önəmli mədəni, siyasi nüvələrindən birinə çevrilməkdədir”.