"Qaçqınkom"da 38 Qarabağ müharibəsi veteranı çalışır - Komitə

7 Noyabr 2025 17:03 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrində və tabeliyindəki təşkilatlarda çalışan 38 Qarabağ müharibə veteranı ilə görüş keçirilib. SİA xəbər verir ki bu barədə Komitə məlumat yayıb.

Tədbirdə çıxış edən Komitə sədri Rövşən Rzayev deyib ki, tarixi Zəfər uzun illər yurd həsrəti çəkən məcburi köçkünlərin doğma torpaqlarına Böyük Qayıdışını təmin edib.

O bildirib ki, son beş il ərzində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi davam etdirilir.

Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla icrasında fəal iştirak edirlər.

Keçmiş döyüşçülərdən Amil Əbilov, Kənan Ələsgərov, Gəray Səfərov və digərləri çıxış edərək, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar işğaldan azad olunmuş ərazilərdə üçrəngli Azərbaycan bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, doğma yurd yerlərinin yenidən dirçəlməsinə sevinclə şahidlik etdiklərini vurğulayıblar.

Görüş iştirakçıları Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edərək, əldə olunan tarixi Qələbənin nəticələrini qorumağa, ölkəmizin davamlı inkişafına töhfə verməyə və vətənpərvərlik ruhunun cəmiyyətimizdə daha da güclənməsi istiqamətində səylərini əsirgəməyəcəklərini bəyan ediblər.