“Son dövrlərdə insanlarda müəyyən psixoloji problemlər daha çox müşahidə olunur. Xüsusilə, səbirsizlik və aqressivlik halları artıb. İnsanlar getdikcə özlərini daha çox qorumağa ehtiyac duyurlar, sanki hər sözə dərhal reaksiya verirlər və qarşı tərəfdən özlərini müdafiə etməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, eyni zamanda, diqqət əksikliyi və hiperaktivlik halları da daha geniş yayılıb: “Mən bunu əsasən sosial şəbəkələrdə yayılan qısa videolarla əlaqələndirirəm. Belə ki, bir fikir tamamlanmamış, dərhal başqa bir fikir gəlir. Bir ideya hələ yekunlaşmamış, yeni bir ideya verilir. Bu isə insanlarda diqqətin toplanmasını çətinləşdirir və nəticədə diqqət əksikliyi yaranır.
Ümumiyyətlə, aqressiya bu dövrün ən ciddi problemlərindən biridir. Biz bunu kassalarda, dükanlarda, restoranlarda demək olar ki, hər yerdə müşahidə edə bilirik. Xüsusilə pandemiya dövründən sonra obsesiv-kompulsiv pozuntular, yəni təkrarlanan düşüncələr və davranışlar, eləcə də panik atak halları daha çox artıb. Əgər bu prosesi mərhələlərə bölsək, karantinə qədərki dövr və karantindən sonrakı dövr arasında ciddi fərq var. Son vaxtlarda isə ən çox müşahidə olunan hallar — səbirsizlik, diqqət əksikliyi, aqressivlik və natamamlıq kompleksidir. Natamamlıq kompleksindən əziyyət çəkən insanlar qarşı tərəfin sözlərini çox vaxt yanlış anlamağa meyilli olurlar. Bu da zamanla cəmiyyəti daha da aqressiv hala gətirir”.