"Dövlət Bayrağı Günü Azərbaycan xalqı üçün ən əziz və qürurverici bayramlardan biridir. Bu gün biz təkcə bir rəmzi qeyd etmirik, həm də müstəqilliyimizin, azadlığımızın, milli kimliyimizin və birliyimizin təntənəsini bayram edirik". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bayrağımız — bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir: "O, xalqımızın azadlıq mübarizəsinin, milli ruhunun və dövlətçiliyimizin təcəssümüdür. Üç rəng — mavi, qırmızı və yaşıl dərin mənaya malikdir: mavi türkçülüyü, qırmızı müasirliyi və inkişafı, yaşıl isə islam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir. Bu rənglər birlikdə Azərbaycan xalqının mənəvi bütövlüyünü və tarixi yaddaşını əks etdirir. Bayrağa olan sevgi — vətənə, torpağa, xalqa və milli kimliyimizə olan sevgidir. Üçrəngli bayraq hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. O, bizə güc, inam və vətənpərvərlik ruhu bəxş edir. Bayrağımız ucaldıqca biz öz varlığımızı, müstəqilliyimizi və milli qürurumuzu bir daha hiss edirik.
Əsgərlərimiz məhz bu bayraqla döyüşə gedib, onun uğrunda canlarından keçiblər. Üçrəngli bayraq Vətən müharibəsində qələbəmizin, torpaqlarımızın azad olunmasının rəmzinə çevrildi. Bu gün o, işğaldan azad edilmiş torpaqlarımızda, hər bir dövlət binasında, məktəbdə, evdə və ürəklərdə dalğalanır. Azərbaycan bayrağı beynəlxalq tədbirlərdə, idmançılarımızın qələbə anlarında, elmi və mədəni uğurlarımızın zirvəsində ucaldıqca, dünya bir daha xalqımızın gücünə, birliyinə və müstəqil dövlətimizin möhkəmliyinə şahidlik edir.
Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü bizə bir daha keçmişə nəzər salmaq, şəhidlərimizin xatirəsini ehtiramla anmaq və gələcək nəsillərə vətənə sədaqət, milli dəyərlərə hörmət hissini aşılamaq imkanı verir. Bu gün biz babalarımızın ruhu qarşısında hesabat verir, gələcək nəsillərə hansı mənəvi irsi miras qoyacağımızı müəyyənləşdiririk. Azərbaycan bayrağı bu gün hər bir kəsin sevgi ilə sarıldığı, qürurla baxdığı, azərbaycançılıq ideyasını özündə yaşadan müqəddəs rəmzdir. O, bizim birliyimizin və dövlət müstəqilliyimizin əbədi nişanəsidir".