"AMEA-nın 80 illik yubileyində ölkə başçısının çıxışı çox maraqlı idi. Əslində, bu çıxış təkcə zalda olanlar üçün deyil, bütün ölkə ictimaiyyəti, ziyalılar və xüsusilə də gənclər üçün böyük mesajlar daşıyırdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, Prezidentin nitqində bir çox mühüm məqamlara toxunuldu, lakin şəxsən mənim diqqətimi Qərbi Azərbaycanla bağlı söylədikləri xüsusi olaraq cəlb etdi. Vurğulandı ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı şərtsiz və qaçılmazdır. Bu qayıdış həm tarixi, həm hüquqi, həm də mənəvi baxımdan mütləqdir və bunun xalq arasında da güclü istəyi mövcuddur. Vaxtilə qovulmuş, didərgin salınmış soydaşlarımızın böyük bir hissəsi tarixi yurdlarına qayıtmaq arzusundadır. Bu, təkcə bir ideya deyil, həm də reallığa çevrilməkdə olan tarixi prosesdir. Ermənistan isə bu reallığı qəbul etməli, regionda dayanıqlı sülhün yalnız həmin prinsip əsasında mümkün olduğunu anlamalıdır. Prezidentin çıxışındakı əsas və ən mühüm mesajlardan biri də məhz bu idi. Sülh danışıqlarının hazırkı mərhələsində bu məsələnin xüsusi çəkisi getdikcə daha da artır.
Bununla yanaşı, prezident Azərbaycanın yaxın gələcəkdə yeni uğurlar əldə edəcəyindən də bəhs etdi. İqtisadi inkişaf, regional layihələr, eləcə də elmi və mədəni sahələrdə yeniliklərin gözlənildiyi vurğulandı. Qarabağla bağlı gələcəkdə daha yaxşı xəbərlərin olacağı qeyd edildi. Azad edilmiş ərazilərin böyük potensiala malik olması, zəngin təbii ehtiyatlar və geniş torpaq resursları ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək. Beləliklə, bu çıxış həm ölkənin yaxın gələcək strategiyasını göstərir, həm də milli ideya və kimlik məsələlərinin dövlət səviyyəsində necə prioritet təşkil etdiyini təsdiqləyir. Prezidentin nitqi bir daha göstərdi ki, Azərbaycanın gələcəyə baxışı aydın, məqsədi isə qətiyyətlidir.