Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin əsas hədəflərindən biri də gənclərin məşğulluğunun təminatı və kiçik biznesə çıxışının dəstəklənməsidir. Bu ilin ötən dövründə agentlik tərəfindən daha 61 min 700-dən çox gənc münasib işlərlə təmin edilib, 24 mindən çox gəncə isə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunaraq onlar üçün kiçik bizneslər yaradılıb. Ümumilikdə isə bugünədək 19 minə yaxın gənc özünüməşğulluq proqramından faydalanaraq öz kiçik ailə təsərrüfatlarını yaradıb. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmçinin bildirilib ki, agentlik tərəfindən “Kashalata” Kafe və İnklüziv Yaradıcılıq Mərkəzindəki autizmli gənclər və onların ailə üzvlərinin məşğulluğu təmin edilir. “Gənclərin biznes emalatxanası” layihəsi isə peşə təhsili mərkəzlərindən məzun olmuş gənclərin məşğulluğunun təmin olunması layihəsidir. Bu layihə üzrə də 60-dək gəncin məşğulluğu təmin edilib. Eləcə də özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Səyyar kofe evləri”, “Səyyar kofe evləri regionlarda” layihələri üzrə gənclər akltivlərlə təmin edilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılır.
“Biznesini yarat” layihəsi üzrə də gənclərin biznes ideyalarını reallaşdırmalarına özünüməşğulluq proqramı vasitəsilə dəstək göstərilir. Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə həyata keçirilən “İrəliləyiş” layihəsi çərçivəsində dövlət və özəl müəssisələrdə beynəlxalq normalara uyğun təcrübənin formalaşması və yüksək potensiallı gənclərin karyera bacarıqlarının inkişafı üçün onların təcrübə proqramlarında iştirakları təmin edilib. Bu layihə iş təcrübəsi olmayan və bu səbəbdən işə düzəlməkdən çətinlik çəkən gənclərə ilk iş təcrübəsinin əldə olunmasında dəstək göstərir. 1405 nəfər bu layihəyə cəlb edilib.
Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas-peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və digər mövzular üzrə məlumatlandırılırlar.