"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə etdiyi çıxış, əslində ölkənin gələcək inkişafının ideoloji və strateji istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlar daşıyırdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Prezidentin elmə, tədqiqat institutlarına və intellektual potensialın inkişafına verdiyi yüksək dəyər onu göstərir ki, bu sahə artıq təkcə təhsil və mədəniyyət məsələsi kimi deyil, milli təhlükəsizlik və iqtisadi dayanıqlılıq amili kimi qəbul edilir: "Son illərdə Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı, innovasiyalara əsaslanan idarəetmə modelinin tətbiqi və rəqəmsal transformasiya prosesləri elmin prioritet istiqamətə çevrilməsini zəruri edib. Prezidentin çıxışında elmi-tədqiqat institutlarının modernləşdirilməsi, dövlətin elm siyasətində yeni mərhələyə keçidin vacibliyinin vurğulanması məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Elm siyasətinə verilən bu diqqət Azərbaycanın gələcək milli inkişaf strategiyasına iki əsas istiqamətdə təsir göstərəcək. Birincisi, elmi biliklərə əsaslanan idarəetmə modeli formalaşacaq ki, bu da qərarların daha rasional və strateji əsaslara söykənməsini təmin edəcək. İkincisi, innovativ iqtisadiyyat və yüksək texnologiyalar istiqamətində kadr potensialının hazırlanması ölkənin rəqabət qabiliyyətini artıracaq. Eyni zamanda Prezidentin çıxışında milli dəyərlərin, dilin və tarixi yaddaşın elmi əsaslarla qorunması çağırışı da mühüm ideoloji məna daşıyır. Bu, elmin yalnız texnoloji və iqtisadi deyil, həm də mədəni və milli kimliyin qorunması missiyasını üzərinə götürdüyünü göstərir. Prezidentin AMEA-nın yubileyindəki çıxışı Azərbaycan dövlətçiliyinin növbəti inkişaf mərhələsində elmin rolunu yenidən dəyərləndirir və onu milli güc konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevirir. Elm artıq yalnız laboratoriya divarlarında deyil, dövlətin strateji qərarlarında, iqtisadi planlaşdırmada və milli ideologiyada öz sözünü deyən əsas qüvvəyə çevrilir".