DTX-nin Akademiyasında respublika elmi-praktik konfransı keçirilib - FOTOLAR

7 Noyabr 2025 15:36 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının Heydər Əliyev Muzeyində Zəfər Gününə və Konstitusiya və Suverenlik İlinə həsr olunan “Azərbaycanda demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan yol” adlı respublika elmi-praktik konfransı keçirilib. SİA xəbər verir ki, tədbirdə akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.

Qonaqlar əvvəlcə akademiyanın ərazisində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda giriş nitqi ilə çıxış edən akademiyanın rəisi general-mayor Elşad Nəsirov qonaqları salamlayıb və bu il noyabrın 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü diqqətə çatdırıb. Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasir dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeyd edən natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin misilsiz səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm qoyan müasir Azərbaycan Respublikası bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksəlib. Həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionun lider dövlətinə çevrilib, öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə nail olub.

Ardınca konfransın mövzusuna dair videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasi sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. Ə.Hüseynli bildirib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan üçün dövlət quruculuğu, hüquqi sistemin təşkili və konstitusion əsasların yaradılması həyati zərurətə çevrilib. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası isə Ulu Öndər Heydər Əliyev ideyalarının hüquqi təcəssümüdür.

Milli Məclisin Komitə sədri qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu güclü dövlət və ordu quruculuğu siyasəti öz bəhrəsini verib. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirib.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli yaddaşında dövlətin qurucusu, sabitliyin və müstəqilliyin təminatçısı kimi həkk olunduğunu qeyd edərək, ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olan mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasi iradəsinin, xalqın taleyinə məsuliyyətli yanaşmasının Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdiyini vurğulayıb. Q.Novruzov bildirib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Azərbaycan dövlətçiliyinin yeni mərhələsini - Zəfər və Suverenlik dövrünü yaradıb.

“Qarabağ” və “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov konfransda çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqla yanaşı, müasir Azərbaycan Ordusunun təməlini formalaşdırdığını qeyd edib. N.Şadmanov bildirib ki, dövlətimizin başçısının qətiyyəti, xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfər əldə edilib. 44 gün davam edən Vətən müharibəsində və antiterror əməliyyatında şəhidlərimiz canlarını fəda edərək, xalqımızın azadlıq salnaməsini yazıblar.

Vətən müharibəsi iştirakçısı polkovnik N.Şadmanov, həmçinin onu da qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil Azərbaycanın hərbi-siyasi qüdrəti durmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchiz olunur, hərbçilərin sosial vəziyyəti gündən-günə daha da yaxşılaşdırılır.

Konfransın sonunda xatirə fotosu çəkdirilib.