“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə etdiyi çıxış təkcə bir yubiley nitqi deyildi. Bu çıxış müasir dövrdə Azərbaycanın elm siyasətinin ideoloji istiqamətlərini müəyyənləşdirən, gələcəyin inkişaf xəritəsini müəyyən edən strateji bəyanat kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin çıxışında səslənən hər bir fikir, hər bir çağırış milli dövlətçilik ideyalarımızın və müstəqil Azərbaycan modelinin əsas sütunlarından biri olan elmin inkişafına yönəlmişdi”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.
O bildirib ki, Azərbaycanın elm tarixi uzun və şərəfli bir yoldan keçib: “Lakin bu yolun ən parlaq səhifələri Ulu Öndər Heydər Əliyev dövründə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında yazılıb. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda elmin maddi-texniki bazası gücləndirildi, elmi müəssisələrə dövlət səviyyəsində qayğı göstərildi. Bu proses müstəqillik illərində də ardıcıl şəkildə davam etdirildi və nəticədə Azərbaycan elmi milli dövlət quruculuğunun, iqtisadi inkişafın və cəmiyyətin mənəvi dayağının əsas istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, bu gün elmin inkişafı sadəcə bir sahə deyil, milli təhlükəsizliyin, iqtisadi müstəqilliyin və gələcək nəsillərin rifahının təməlidir. Çünki müasir dünyada dövlətlərin gücü artıq yalnız təbii sərvətlərlə ölçülmür. Texnologiya, bilik və intellektual potensial müasir dövrün əsas güc mənbəyinə çevrilib. Azərbaycan isə bu reallığı vaxtında dərk etmiş, elm və təhsili dövlət siyasətinin prioritet istiqamətləri sırasına daxil etmişdir.
Prezident İlham Əliyevin fikrincə, Azərbaycan XXI əsrdə yeni bir mərhələyə qədəm qoyub – bu, “elm və texnologiyalar əsridir”. Bu əsrdə kim elmi və texnoloji üstünlüyə malikdirsə, gələcəyin sahibi də odur. Azərbaycan artıq bu istiqamətdə strateji addımlar atıb: süni intellekt, kibertəhlükəsizlik, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat kimi sahələr dövlətin xüsusi diqqət mərkəzindədir. Elm və innovasiya milli inkişaf modelinin əsas istiqamətinə çevrilib.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, müasir Azərbaycan dövləti yalnız resurs iqtisadiyyatına arxalanmır. Ölkəmizin inkişaf strategiyası intellektual kapitalın gücünə əsaslanır. Bu baxımdan dövlətin elmə və alimlərə göstərdiyi diqqət təsadüfi deyil. Elm yalnız laboratoriyalarda, institutlarda deyil, həyatın bütün sahələrində olmalıdır. Hər bir iqtisadi sahənin, sənayenin, kənd təsərrüfatının, informasiya texnologiyalarının əsasını elm təşkil etməlidir.
Azərbaycan bu gün Cənubi Qafqazda elmi potensialına görə lider mövqedədir. Akademiyanın, elmi institutların yenilənməsi, gənc alimlərin xarici universitetlərdə təhsil alması, müasir laboratoriyaların yaradılması – bütün bunlar dövlətin elmi sahəyə yönəltdiyi ardıcıl siyasətin nəticəsidir.
Elm təkcə bilik toplamaq deyil – o, milli güc amilidir. Elm xalqın düşüncə mədəniyyətini, texnoloji qabiliyyətini, müdafiə gücünü formalaşdırır. Prezidentİlham Əliyevin çıxışında elmin milli təhlükəsizlik və müdafiə sahələrinə inteqrasiyası ayrıca vurğulandı. Çünki müasir dünyada informasiya müharibələri, kibertəhlükələr, texnoloji rəqabət artıq real mübarizə meydanına çevrilib. Azərbaycan belə bir şəraitdə öz intellektual potensialını səfərbər etməli, elmi-texnoloji təhlükəsizlik qalxanı formalaşdırmalıdır.
Eyni zamanda Prezident İlham Əliyev qeyd etdi ki, elmin gücü yalnız texnologiyada deyil, milli kimlik və tarixi yaddaşın qorunmasında da özünü göstərməlidir. Azərbaycan alimləri tariximizin, mədəniyyətimizin, dövlətçilik irsimizin tədqiqi və dünyada təqdimatı istiqamətində daha fəal olmalıdırlar. Çünki uzun illər boyu xalqımızın tarixi saxtalaşdırılmış, torpaqlarımıza iddialar irəli sürülmüş, ədalət pozulmuşdur. Bu ədalətsizliyə qarşı elmi arqumentlərlə, faktlarla, tədqiqatlarla mübarizə aparmaq vacibdir.
Dövlətin suverenliyi təkcə ərazi bütövlüyü ilə deyil, həm də ideoloji və elmi müstəqilliklə təminolunur. Azərbaycanın müasir elmi öz milli maraqlarına, öz həqiqətlərinə, öz dövlətçilik prinsiplərinə söykənməlidir.
Prezident İlham Əliyev çıxışında elmin idarəetməsində islahatların aparılmasının zəruriliyini də qeyd etdi. Müasir çağırışlar elmin yalnız klassik modeldə qalmasına imkan vermir. Elm çevik, dinamik, nəticəyönümlü olmalıdır. Tədqiqat institutları müasir texnoloji tələblərə cavab verməli, beynəlxalq əməkdaşlıq genişləndirilməli, elmi nəticələrin tətbiqi artırılmalıdır. Bu, Azərbaycanın yeni elmi inkişaf mərhələsinə keçidini təmin edəcək.
Prezident İlham Əliyevin vurğuladığı ən mühüm məsələlərdən biri də gənc alimlərin elmi prosesə cəlb olunması idi. Çünki hər bir ölkənin gələcəyi onun gənclərinin dünyagörüşü, bilik səviyyəsi və vətənpərvərlik ruhu ilə ölçülür. Dövlət başçısı bu fikri bir daha təsdiqlədi: “Gənclər həm dünyəvi biliklərə, həm də milli-mənəvi dəyərlərə əsaslanaraq elmi fəaliyyət göstərməlidirlər.” Bu, sadəcə bir ideya deyil, dövlət siyasətinin real istiqamətidir. On minlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır, bir çoxu elmi tədqiqat sahəsində fəaliyyət göstərir. Bu, Azərbaycanın gələcəyinə qoyulan ən böyük sərmayədir. Elm və təhsil dövlətin uzunömürlülüyünün təminatıdır.
Prezident İlham Əliyevin çıxışında elm və texnologiyanın iqtisadi inkişafla vəhdəti xüsusi vurğulandı. Dövlətin iqtisadi siyasətinin əsas hədəfi qeyri-neft sektorunun inkişafıdır. Bunun reallaşması isə elmi innovasiyalar və texnoloji yeniliklərsiz mümkün deyil. Elm sənayenin, kənd təsərrüfatının, xidmət sektorunun hər birində tətbiq olunmalıdır. Elm iqtisadiyyatın əsas idarəedici qüvvəsinə çevrilməlidir.
Digər bir vacib ideoloji məqam – elmin milli mədəniyyətin və mənəviyyatın tərkib hissəsi olmasıdır. Prezident İlham Əliyev qeyd etdi ki, elmin inkişafı yalnız maddi deyil, həm də mənəvi məsələdir. Alimlər xalqın düşüncə səviyyəsini formalaşdırır, milli ideologiyanın intellektual dayağını yaradır. Elm xalqı aydınlığa, tərəqqiyə, müasirliyə aparan yoldur. Bu səbəbdən elmə hörmət, alimə dəyər milli mentalitetimizin əsas tərkib hissəsi olmalıdır.
Azərbaycanın elm sahəsindəki nailiyyətləri artıq beynəlxalq miqyasda da tanınır. Son illərdə Azərbaycan alimləri beynəlxalq layihələrdə, nüfuzlu konfranslarda fəal iştirak edir, elmi nəşrlərdə öz sözlərini deyirlər. Bu prosesin dövlət səviyyəsində dəstəklənməsi ölkəmizin qlobal elmi məkanla inteqrasiyasını təmin edir. Prezident İlham Əliyevinçıxışında bu istiqamət açıq şəkildə ifadə olundu – “Azərbaycan elmi dünya elminin bir parçası olmalı, lakin milli məzmununu heç vaxt itirməməlidir.” Bu, dövlət ideologiyasının dərin fəlsəfi əsaslarını əks etdirən bir yanaşmadır. Azərbaycan dünya ilə açıq dialoqda, lakin milli maraqlarını qoruyaraq inkişaf edən bir dövlətdir. Elm də bu siyasətin ən mühüm vasitəsidir.
Prezident İlham Əliyevin çıxışı həm də elm adamlarına, xüsusən Akademiyanın rəhbərliyinə ciddi məsuliyyət yüklədi. Çünki bu gün AMEA təkcə elmi tədqiqat mərkəzi deyil, eyni zamanda dövlətin intellektual strategiyasını formalaşdıran əsas institutdur. Akademiyanın fəaliyyəti, struktur islahatları, idarəetmə mexanizmləri müasir tələblərə uyğunlaşdırılmalıdır.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir. Qalib ölkə, qalib xalq kimi Azərbaycan öz torpaqlarını azad etmiş, tarixi ədaləti bərpa etmişdir. İndi qarşıda yeni mübarizə – intellektual mübarizə, elmi-texnoloji yarış dayanır. Prezident İlham Əliyevin nitqinin əsas ideoloji mahiyyəti də məhz budur: müharibədə qazandığımız Zəfəri indi elmdə, texnologiyada, innovasiyada qazanmalıyıq. Elm Azərbaycan xalqının gələcək mövqeyini, iqtisadi gücünü, beynəlxalq nüfuzunu müəyyən edəcək başlıca amildir. Dövlət bu sahəyə böyük diqqət göstərir, çünki bilir ki, güclü elmi baza olmadan müstəqil siyasət yürütmək, milli maraqları müdafiə etmək mümkün deyil.
Prezident İlham Əliyevin AMEA-da çıxışı bir növ strateji proqram sənədi idi. Orada elmin, təhsilin, texnologiyanın, milli kimliyin və dövlətçilik ideyalarının vəhdəti ifadə olunurdu. Bu, həm siyasi, həm ideoloji, həm də mənəvi baxımdan Azərbaycan cəmiyyətinə istiqamət verən nitq idi. Əgər bu nitqin əsas ideoloji xəttini bir cümlə ilə ifadə etsək, o belə səslənərdi: Elm Azərbaycanın gələcəyini təmin edən milli güc mənbəyidir.
Bugünkü Azərbaycan elmi məhz bu fəlsəfəyə əsaslanmalıdır – vətənə, millətə, dövlətə xidmət edən, qlobal səviyyədə rəqabət apara bilən, yenilikçi və vətənpərvər elm modeli. Bu modelin müəllifi Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm hərbi, həm də intellektual cəhətdən müasir dünyanın qabaqcıl dövlətləri sırasında yerini daha da möhkəmləndirəcək. AMEA-nın 80 illik yubileyi bu mənada təkcə bir tarix deyil, həm də yeni bir başlanğıcdır. Elm artıq Azərbaycanın gələcək Zəfərinin ideoloji əsasına çevrilib. Və bu Zəfərin memarı isə Prezident İlham Əliyevdir”.