Bakıda kamandan oxatma üzrə "Zəfər turniri" keçiriləcək

7 Noyabr 2025 15:09 (UTC+04:00)

Bakıda kamandan oxatma üzrə "Zəfər turniri" keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Kamandan Oxatma Federasiyasından (AKOF) məlumat verilib.

AKOF-un təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan İdman Akademiyasının (AİA) dəstəyi ilə reallaşacaq turnirdə müxtəlif bölgələrdən olan 18 yaşadək gənc oğlan və qız idmançılar iştirak edəcəklər.

Yarışlar 60 metr məsafədə fərdi qaydada keçiriləcək. Turnirin əsas məqsədi gənc oxatanlar arasında bu qədim və zərif idman növünün təbliği, istedadlı idmançıların müəyyənləşdirilməsi və onların beynəlxalq yarışlara hazırlıq səviyyəsinin artırılmasıdır.

Turnir çərçivəsində idmançılar fərdi bacarıqlarını sınaqdan keçirəcəklər.

Qeyd edək ki, 13-15 noyabrda AİA-nın stadionunda təşkil olunacaq yarışın qalibləri diplom və medallarla təltif olunacaqlar.