“Artıq 5 ildir ki, Azərbaycan xalqı 8 Noyabr tarixini Zəfər Günü kimi qeyd edir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündən sonra bitən Vətən müharibəsi zamanı Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə erməni işğalına son qoyuldu. Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu. Noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanın bir əsrə yaxın əsirinə çevrildiyi “Dənizdən-dənizə, böyük Ermənistan” xülyasının tamamilə iflasa uğratdı, yüz illik anti-türk siyasətinə sarsıdıcı zərbə vurdu, erməni diaspor və lobbi təşkilatlarının ümidlərini puç etdi. Bu qələbə regionumuzda yeni tarixi, siyasi, iqtisadi reallıqlar yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, 2003-cü ildə Prezident seçilərkən cənab İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflər Azərbaycan dövlətini inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq, milli birliyi möhkəmlətmək, ordunu gücləndirmək və torpaqlarımızı erməni işğalından azad edərək bütün ərazilərdə suverenliyi bərpa etməklə bağlı olmuşdur: “Bu məqsədlərə çatmaq üçün 17 illik uzun bir yol getməli olduq. Azərbaycan dünya siyasi arenalarında heç nədən çəkinməyərək öz qətiyyətli mövqeyini ortaya qoydu və dünya birliyini Ermənistanın özbaşınalıqlarına son qoymağa çağırışlar etdi. Azərbaycan bütün beynəlxalq tribunalardan ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə heç vaxt barışmayacağını bəyan edir və haqq səsimizi beynəlxalq platformalarda qəbul etdirirdi.
Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında ərazilərimizi azad etməklə düşmənlərin çirkin planlarına birdəfəlik son qoydu. Beləliklə son beş ildə işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa olunur. Böyük qayıdışa dair Dövlət proqramı sürətlə icra olunur və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Şəhər və kəndlərin baş planları təsdiq olunaraq tikinti işləri yüksək keyfiyyətlə aparılır. İşğaldan azad olunmuş ərazilərdə yenidən salınan şəhərlərimizin günləri bayram təntənəsi ilə qeyd olunur.. Bu gün qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr ölkəmizin iştirakı ilə həyata keçirilir”.