"Enerji içkiləri sağlamlıq üçün risklidir" - EKSPERT AÇIQLADI

7 Noyabr 2025 14:41 (UTC+04:00)

"Gənclər arasında enerji içkilərinin artan istifadəsi sadəcə qısa müddətli “enerji artımı” ilə bitmir". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, bu içkilərin uzunmüddətli sağlamlıq riskləri həm fiziki, həm də psixoloji baxımdan ciddi ola bilər: "Enerji içkilərindəki yüksək kofein və şəkər miqdarı ürək-damar sisteminə mənfi təsir göstərir. Ürək döyüntüsünü artırır, taxikardiya, aritmiya və yüksək təzyiq riskini yaradır. Uzunmüddətli istifadə ürəyin yükünü artırır və xüsusən də yetkinləşmə mərhələsində olan gənclərdə ürək əzələsini zəiflədə bilər. Bəzi hallarda qəfil ürək tutması hadisələri enerji içkiləri ilə əlaqələndirilir.

Kofein mərkəzi sinir sistemini stimullaşdırdığı üçün əsəbilik, yuxusuzluq və diqqət dağınıqlığı yarana bilər. Gənclərdə bu, asılılıq effekti formalaşdırır, yəni orqanizm enerjini təmin etmək üçün bu içkilərə öyrəşir. Uzunmüddətli istifadədə isə gərginlik və depressiv hallar müşahidə olunur.

Bu içkilərin tərkibindəki yüksək şəkər miqdarı metabolik proseslərə mənfi təsir edir. Bir qutuda 40–60 qramadək şəkər ola bilər ki, bu da piylənmə, insulin müqaviməti və 2-ci tip şəkərli diabet riskini artırır. Həmçinin hormon balansına təsir edərək, xüsusilə yeniyetmələrdə kortizol (stres hormonu) səviyyəsinin yüksəlməsinə səbəb olur. Kofein və digər stimullaşdırıcı maddələr (taurin, guarana və s.) qaraciyər fermentlərinin fəaliyyətini dəyişə bilər. Uzun müddət və yüksək miqdarda qəbul qaraciyərin zədələnməsi və böyrəklərin filtrasiya funksiyalarının pozulması riskini artırır.

Enerji içkilərini spirtlə qarışdırmaq xüsusilə təhlükəlidir. Kofein spirtin sakitləşdirici təsirini maskalayır və bu, spirt zəhərlənməsi ilə yanaşı, riskli davranışların artmasına gətirib çıxarır. Bu cür içkilər barədə övladlarınıza maarifləndirici məlumatlar verin və onları nəzarətsiz qoymayın. Çünki enerji içkilərinin gənclər arasında yayılmasının əsas səbəblərindən biri valideyn nəzarətsizliyi və məlumat çatışmazlığıdır".