Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın müstəqilliyinin, gücünün və qüdrətinin rəmzi, milli qürur və şərəf tariximiz olan Zəfər Günü ilə əlaqədar “Zəfər tariximiz haqqında ədəbiyyatın kitabxanalarda təbliği” adlı metodik vəsait, “Zəfər əbədidir!” adlı virtual kitab sərgisi, “Şuşa Zəfəri əbədi qürur mənbəyimizdir! ” adlı biblioqrafik icmal və “8 Noyabr-Zəfər günü” adlı ənənəvi kitab sərgisi hazırlanaraq, oxuculara təqdim edilib. Kitabxanadan SİA-ya bildirilib ki, "Zəfər tariximiz haqqında ədəbiyyatın kitabxanalarda təbliği" adlı metodik vəsait oxuculara Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mahiyyətini daha dərindən anlatmaq, bu mövzuda yazılmış ədəbi, publisistik və elmi materialların kitabxana mühitində daha səmərəli şəkildə təqdim olunmasını təmin etmək məqsədilə hazırlanıb.
Kitabxananın rəsmi saytında yerləşdirilən vəsaitdə bir sıra rəsmi sənədlərin tam mətni, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi dönəmində xalqa olan müraciətləri, işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı, müharibə iştirakçılarının təltif edildiyi orden və medallar, Vətən müharibəsi memorial kompleksi, Zəfər muzeyi, Zəfər tağı, Hərbi Qənimətlər Parkı haqqında məlumat, kitabxanalarda Şanlı Zəfər tarixinə həsr edilən tədbirlərin keçirilməsinə dair tövsiyələr təqdim edilir.
“Şuşa zəfəri əbədi qürur mənbəyimizdir! ” adlı biblioqrafik icmalda Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında və Şuşa şəhəri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarının tam mətni yer alır. Materialda “Şuşa mədəniyyət paytaxtı”, “Dünyanı heyrətləndirən Şuşa döyüşü”, “Əziz Şuşa, sən azadsan!”, “Şuşanın azad edilməsi Qarabağ zəfərinin zirvəsi oldu” adlı bölmələrlə yanaşı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Emin Şıxəliyevin “Şuşa Zəfəri: Azərbaycanın milli gücünün, siyasi iradəsinin və tarixi ədalətin təntənəsi” adlı məqaləsi, Azərbaycan, türk, ingilis və rus dillərində nəşr edilən 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və 5 il müddətində dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı təqdim edilir. İstifadəçilər rəsmi saytın müvafiq keçidi https://www.ryl.az/funds/biblioqrafik-icmal vasitəsilə biblioqrafik icmaldan yararlana bilərlər.
“Zəfər əbədidir!” adlı virtual kitab sərgisində rəsmi sənədlərlə yanaşı “Qarabağ Zəfəri. 44 günün pərdəarxası”, “Zəfər yolu”, “Azərbaycan tarixinin Zəfər səlnaməsi”, “Zəfəri qanınla yazdın qəhrəman”, “Sən azadsan”, “Yeni Qarabağnamə”, “Zəfər dastanı” kimi 30-a qədər kitabın və “Şuşa-Zəfər yürüşünün zirvəsi”, “Şuşa, sən əbədi bizimsən!”, “Böyük Zəfərin 44 anı” kimi məqalələrin də tam mətni təqdim edilir. Material kitabxananın rəsmi saytında yerləşdirilib.
“8 Noyabr-Zəfər Günü” adlı ənənəvi kitab sərgisində kitabxananın fondunda saxlanılan və Şanlı Zəfər tarixindən bəhs edən 50-ə yaxın kitab sərgilənir.