Komitə sədri bələdiyyələrə dotasiyaların artırılmasını təklif edib

7 Noyabr 2025 12:46 (UTC+04:00)

Azərbaycanda bələdiyyələrə dotasiyaların artırılması təklif olunur. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edib.

O, Azərbaycanda ən kiçik bələdiyyələrin belə üç mindən artıq sakini əhatə etdiyini, ancaq ayrılan dotasiyaların həcminin ötənilki kimi qaldığını bildirib: "Bütün sahələrdə artım olduğu halda, bələdiyyələrdə belə bir şey nəzərə alınmayıb. Heç olmasa bələdiyyələrə də qismən artım nəzərdə tutulmalıdır. Bununla da onlar uşaq meydançaları yarada, ahıllar üçün parklar sala bilərlər. Bələdiyyələrə çox sayda aztəminatlı ailələr müəyyən problemlərin həll olunması ilə bağlı müraciət edirlər. Onların bunu həll edə bilmək imkanı olmalıdır".

S.Novruzov həmçinin regionlarda toplanılan vergilərin bir hissəsinin də öz ixtiyarlarına verilməsini təklif edib:

"Həmin büdcəni rayon rəhbərliyi abadlıq, quruculuq işlərinə, o cümlədən şəhid, qazi ailələrinin müraciətlərinə sərf edə bilər. Bu həm də regionlar arasında qarşılıqlı rəqabəti təmin edər".