TƏBİB “sistem köçürülməməsi” ilə bağlı məsələyə aydınlıq gətirib

7 Noyabr 2025 12:44 (UTC+04:00)

İnvaziv prosedurlar – inyeksiya (“iynə vurulması”) və infuziya (“sistem köçürülməsi”) ikinci səviyyə (ambulator-stasionar) xidmətlərə və tibb müəssisələrinin fəaliyyət istiqamətinə aid edilir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən qurumun tabeliyindəki tibb məntəqələrində və poliklinikalarda ambulator qaydada müraciət edən pasiyentlərə “sistem köçürülməməsi” ilə bağlı SİA-nın sorğusuna verilən cavabda bildirilib.

Qeyd olunub ki, inyeksiya ( “iynə vurulması”) və venadaxili infuziya (“sistem köçürülməsi”) görünüşcə sadə tibbi prosedurlar olsa da, bu xidmətlərin həyata keçirilməsi üçün müəyyən tibbi və hüquqi tələblər mövcuddur. “Bu prosedurlar zamanı allergik reaksiyalar, anafilaktik şok və ya digər ağırlaşmalar baş verə bilər. Belə hallarda operativ şəkildə müdaxilə etmək üçün həkim nəzarəti, reanimasion tədbirlər üçün şərait və təcili tibbi avadanlıq tələb olunur. Tibb məntəqələri və poliklinikalar fəaliyyət istiqamətinə uyğun olaraq profilaktik baxışlar, yüngül ambulator müalicələr, konsultasiyalar və yönləndirmə funksiyalarını əhatə edir”, - deyə məlumatda vurğulanıb.