“Azərbaycan dilinin beynəlxalq səviyyədə tanıdılması və təbliği, eləcə də müxtəlif qlobal platformalarda yüksək səviyyədə istifadə olunması diqqət mərkəzində saxlanılır. Lakin bu gün Azərbaycan dili qloballaşma, texnoloji inkişaf və xarici təsirlərlə qarşı-qarşıyadır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov deyib.
O bildirib ki, qloballaşma, şübhəsiz, dövrümüzün reallığıdır və bu, digər sahələrdə olduğu kimi, dilə də müəyyən təsirlər göstərir: “Yeni texnologiyaların, sosial medianın və dünya dillərinin geniş yayılması Azərbaycan dilində yad sözlərin artmasına, dilin strukturu və ifadə formalarının dəyişməsinə səbəb ola bilər.
Ədəbi dil yalnız rəsmi sənədlər və ədəbiyyatda deyil, gündəlik ünsiyyətdə, eləcə də media və sosial şəbəkələrdə də istifadə edilməlidir. Ədəbi dilin qorunması dövlət siyasətinin tərkib hissəsidir və bu işdə davamlı fəaliyyət zəruridir. Bu gün Azərbaycan dilini süni intellekt və digər texnoloji vasitələrlə birləşdirməyə çalışsaq da, bu texnologiyaların düzgün işləməsi üçün dilimizin ədəbi və kamil formada qalması vacibdir”.