İstanbulda Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu keçirilib - FOTOLAR

7 Noyabr 2025 10:57 (UTC+04:00)

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə 6 noyabr 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə gənclərinin “Zəfərin 5 ili” forumu baş tutub. SİA xəbər verir ki, forumun əsas məqsədi Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri gənclər arasında təbliğ etmək, qalibiyyət və qürur hissini bir daha yaşatmaq, Zəfərimizin bütövlükdə türk dünyası üçün siyasi və mənəvi əhəmiyyətini hər iki ölkə gənclərinin diqqətinə çatdırmaq, eyni zamanda Azərbaycan və Türkiyə gəncləri arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirərək iki ölkə arasında strateji əməkdaşlığı gənclər müstəvisində daha da dərinləşdirməkdən ibarət olub.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqləri ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və TÜGVA-nın sədri İbrahim Beşinci tarixi Zəfərin təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürurlandığı məqam olduğunu qeyd ediblər. Onlar işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı prosesində gənclərin fəallığı, təşəbbüskarlığı və qardaşlıq ruhunun mühüm rol oynadığını, Azərbaycan və Türkiyə gəncləri arasında formalaşmış sarsılmaz dostluq və strateji tərəfdaşlıq münasibətlərinin Qarabağda həyata keçirilən layihələrə mühüm töhfə verdiyini və gənclərin birgə fəaliyyətinin yalnız bölgənin dirçəlişinə deyil, həm də iki ölkə arasında birlik və həmrəyliyin daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Qəzənfər Ağayev və Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyevin çıxışları dinlənilib. Onlar Azərbaycan suverenliyinin bərpası uğrundakı döyüş ruhundan, Zəfərimizin mahiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər.

Forumun zəngin proqramı qardaşlıq, həmrəylik və zəfər ruhunu ifadə edən musiqili çıxışlarla davam edib. İstedadlı gənc xanəndə Yusif Cəfərbəylinin ifaları iki qardaş ölkənin ortaq mədəni dəyərlərini və mənəvi birliyini nümayiş etdirib. Vətən müharibəsindəki qələbəyə həsr olunmuş videoçarxlar isə forum iştirakçılarında dərin emosional təəssürat yaradıb. Videoçarxlarda Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın mübarizə əzmi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri öz əksini tapıb.

Forum xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.