"Bu gün qadınların təhsil alması, işləməsi, ictimai həyatda fəal iştirak etməsi artıq adi hal kimi qəbul olunur".Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
.jpg)
O bildirib ki, lakin sual yaranır: "cinsi stereotiplər – yəni “kişinin yeri işdə, qadının yeri evdədir” düşüncəsi – hələ də bizə təsir edirmi?
Bu məsələyə yanaşarkən unutmamalıyıq ki, biz Şərq–müsəlman cəmiyyətinin nümayəndələriyik. Ona görə də bu kimi məsələlərə milli–mental və dini dəyərlər aspektindən baxmaq daha doğru olar. Son illərdə qadınların karyeraya marağının artması danılmaz faktdır. Gənc xanımların iş həyatında yüksəlməsi, rəhbər vəzifələrə təyin olunması, biznes sferasında öz yerini tutması sevindirici haldır. Amma bu tendensiyanın digər tərəfi də var.
Karyerist düşüncəyə sahib olan qadın bəzən ailə həyatını, övladlarına və həyat yoldaşına diqqəti ikinci plana keçirir. Bu isə ailə münasibətlərində soyuqluğa, hətta boşanmalara səbəb ola bilər. Əgər qadın yalnız işini həyatının mərkəzinə çevirirsə, zamanla həm özü, həm ailəsi, həm də cəmiyyət bu balanssızlığın mənfi nəticələrini hiss edir. Əlbəttə, bu o demək deyil ki, qadın işləməməli və ya təhsil almamalıdır. Əksinə, savadlı və iqtisadi cəhətdən müstəqil qadın ailənin dayağı, övladlarına isə nümunə ola bilər. Sadəcə, hər şeyin ölçüsü və həddi olmalıdır. Qadının karyerası ailə dəyərləri, ana və həyat yoldaşı rolu ilə ziddiyyət təşkil etməməlidir.
Tarix boyu kişilər ailəni qorumaq və təminatla məşğul olmaq, qadınlar isə ailə mühitinə istilik və sevgi gətirmək kimi vəzifələri yerinə yetiriblər. Bu, təkcə adət–ənənədən yox, həm də insanın təbiətindən irəli gəlir.
Kişinin işinə və karyerasına daha çox vaxt ayırması ailə daxilində o qədər də ciddi boşluq yaratmır. Amma həm ər, həm də arvad karyeraya eyni dərəcədə fokuslandıqda ailədə sevgi və ünsiyyət azalır, uşaqlar isə diqqət və qayğıya həsrət qalır. Dayə, uşaq baxıcısı və ya nənə belə ana sevgisini əvəz edə bilmir. Son illərdə müşahidələr göstərir ki, təhsildə qızların fəallığı artıb. Universitetlərə qəbul olunan tələbələr arasında qızların payı yüksəlib, repetitor yanına gedən şagirdlər arasında da onlar üstünlük təşkil edir. Bu, çox sevindirici haldır.
Artıq valideynlər qız övladlarının təhsilinin əhəmiyyətini anlayır, onların da oğlanlar qədər savadlı və müstəqil olmasını istəyirlər. Amma burada bir vacib məqam var: övladın təhsil və ixtisas seçimini valideynin arzusu yox, övladın istəyi və potensialı müəyyən etməlidir. Bu gün cinsi stereotiplərin təsiri zəifləsə də, tam aradan qalxdığını demək çətindir. Qadınların təhsilli və sosial fəal olması cəmiyyət üçün müsbət haldır, lakin bu prosesdə ailə dəyərləri unudulmamalıdır.
Ən ideal vəziyyət tərəzinin hər iki gözünün bərabər olmasıdır. Qadın həm təhsilli, həm də ailəsinə bağlı ola bilər; kişi isə həm ailəsinə qayğı göstərən ata, həm də məsuliyyətli işçi ola bilər. Cəmiyyətin sağlam inkişafı məhz bu qarşılıqlı anlayış və balans üzərində qurulur. Hər məsələdə olduğu kimi, karyera və ailə məsələsində də “qızıl orta”nı tapmaq vacibdir".