"Kiçik və orta sahibkarlığın (KOS) inkişafı hər bir ölkənin iqtisadi sabitliyinin, məşğulluğun artırılmasının və sosial rifahın yüksəldilməsinin vacib istiqamətlərindən biridir. Azərbaycanda bu sektorun daha da gücləndirilməsi üçün həm dövlət, həm də özəl sektor səviyyəsində ardıcıl və məqsədyönlü addımların atılması zəruridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, vergi və inzibati yükün azaldılması KOS-un inkişafına ciddi təkan verə bilər. Bir çox hallarda kiçik sahibkarlar vergi hesabatlarının mürəkkəbliyi, yoxlamaların çoxluğu və icazə mexanizmlərinin uzunmüddətli olması səbəbindən fəaliyyətlərini genişləndirə bilmirlər: "Sadələşdirilmiş vergi sisteminin genişləndirilməsi, eyni zamanda rəqəmsal hesabat sistemlərinin sadələşdirilməsi bu sahədə mühüm irəliləyiş təmin edə bilər. İkinci vacib məsələ maliyyə resurslarına çıxışın asanlaşdırılmasıdır. KOS-lar çox zaman sərmayə çatışmazlığı ilə üzləşirlər. Dövlətin güzəştli kredit proqramları, zəmanət mexanizmləri və startap fondlarının genişləndirilməsi sahibkarlara yeni layihələr həyata keçirmək üçün imkan yaradar. Eyni zamanda, bank sektorunun risk meyarlarını yumşaldaraq, kiçik biznesə daha əlverişli kredit şərtləri təqdim etməsi vacibdir.
Bundan başqa, təlim və innovasiya dəstəyi də xüsusi önəm daşıyır. Sahibkarların idarəetmə, maliyyə planlaşdırması, marketinq və rəqəmsal bacarıqlar üzrə maarifləndirilməsi onların fəaliyyətini daha səmərəli və dayanıqlı edə bilər. Bu məqsədlə regionlarda biznes inkubatorları, mentorluq proqramları və təlim mərkəzlərinin yaradılması zəruridir. Eyni zamanda, rəqəmsal transformasiya və elektron ticarətin inkişafı KOS-lar üçün yeni bazar imkanları açır. Onların məhsul və xidmətlərini onlayn platformalar vasitəsilə yerli və beynəlxalq bazarlara çıxarması iqtisadi aktivliyi artırar. Dövlət bu istiqamətdə infrastruktur və hüquqi bazanı dəstəkləməlidir. Nəhayət, dövlət satınalmalarında kiçik və orta sahibkarların payının artırılması onların fəaliyyətini stimullaşdıra bilər. Məsələn, dövlət sifarişlərinin müəyyən hissəsinin məhz yerli KOS-lara ayrılması həm iqtisadi dövriyyəni, həm də istehsal mədəniyyətini gücləndirər".
Yekunda demək olar ki, kiçik və orta sahibkarlığın inkişafı yalnız iqtisadi deyil, həm də sosial məna daşıyır. Bu sahəyə yönəldilən hər bir dəstək yeni iş yerlərinin yaradılmasına, regionların inkişafına və iqtisadiyyatın şaxələnməsinə xidmət edir.
İqtisadçı ekspertin fikrincə, “KOS sektorunun güclənməsi Azərbaycanın iqtisadi təhlükəsizliyinin və dayanıqlı inkişafının əsas təminatıdır.”