8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqanın “Splendid Palace” kinoteatrında isveçli rejissor Mikael Silkeberqin "Xarıbülbül əfsanəsi" sənədli filminin nümayişi keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbirdə Latviya Seyminin deputatları, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, diplomatik missiyaların rəhbərləri, yerli akademik, mədəni, ictimai və dini dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə həmvətənlilərimizi təbrik edib. Diplomat 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində 30 ilə yaxın davam etmiş Ermənistanın hərbi işğalı və təcavüzünə son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb.
Diplomat Qələbənin işğaldan azad olunmuş ərazilərdə mədəni həyatın dirçəlişinə təkan verdiyini qeyd edərək, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin yenidən mötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Şuşanın hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu və musiqi mədəniyyətimizin beşiyi olduğunu vurğulayıb.
Səfir filmin rejissoru M.Silkeberqin Şuşanın ruhunu, böyük sənətkarlarının irsini, Azərbaycan xalqının mənəvi dəyərlərini məharətlə əks etdirməsini, eyni zamanda, Azərbaycan ilə Skandinaviya arasında mədəni əlaqələrin tədqiq edilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, filmdə Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə tanıdan, böyük Azərbaycan bəstəkarı və Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylidən bəhs olduğunu diqqətə çatdıraraq, dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə töhfələrindən bəhs edib və bu il 140 illik yubileyinin qeyd olunduğunu bildirib.
E.Sultanov, həmçinin Azərbaycan-Latviya mədəni dialoqundan söz açaraq, Şuşada olan və Azərbaycan mədəniyyətinə töhfələr vermiş Latviyanın incəsənət xadimlərindən bəhs edib. Səfir "Xarıbülbül əfsanəsi" filminin nümayişinin Azərbaycan mədəniyyətinin Latviyada daha da tanınmasına, ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Sonra filmin rejissoru M.Silkeberq çıxış edərək, Şərqlə Qərbin birləşdiyi məkanda yerləşən Azərbaycanın zəngin tarixi, qədim mədəniyyəti və musiqisinin onu valeh etdiyini bildirib. O, Azərbaycanın bir çox millətlərin və dinlərin harmoniya və tolerantlıq mühitində yaşayan nadir ölkələrdən biri olduğunu və ölkəmizə məxsus bu cəhətin dünyada təbliğ edilməsinin əhəmiyyətini qeyd edib. Rejissor xarıbülbül gülünün hekayəsini lentə almaq üçün Bakı və Şuşada çəkilişlərin aparıldığını və xüsusilə Şuşaya səfərin onda güclü təəssürat yaratdığını bildirib. O, Şuşada fəaliyyət göstərmiş Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbül kimi dahi mədəniyyət və incəsənət xadimlərinin irsini araşdırarkən Azərbaycan mədəniyyətinin nə qədər zəngin və dərin olmasının, habelə dünya mədəniyyəti ilə sıx əlaqəsinin şahidi olduğunu dilə gətirib.
Daha sonra səfirlik tərəfindən rəsmi qəbul təşkil olunub.