Zəngilan. Günorta saatları. Havanın sərinliyi dağ relyefinin sərtliyinə qarışır, avtobusun təkərləri hərəkət etdikcə yeni salınan relslərin parıltısı uzaqdan görünürdü. Səfərimizin ilk dayanacağı Həkəri stansiyası oldu. Burada işlər yekun mərhələdədir: relslər artıq hazır, sahə geniş asfalt örtüklə bərkidilib. Ərazidə sakitlik hiss olunur — bu, dayanma deyil, bir mərhələnin tamamlanması və növbəti mərhələyə hazırlığın başlanğıcıdır.
Daha sonra istiqamətimizi Ağbəndə çevirdik. Burada mənzərə tam fərqli idi: qalereya və tunelin tikintisi istiqamətində onlarla fəhlə, ağır texnika, kranlar və mühəndislərin koordinasiyalı fəaliyyəti diqqət çəkirdi. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl olunur, hər kəsin üzündə məsuliyyət və əzmkarlıq oxunurdu. Qaya relyefinin çətinliyinə baxmayaraq, işlər fasiləsiz davam edirdi.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov bildirir ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinə 2021-ci ildə başlanılıb. Layihənin ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Onun sözlərinə görə, layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və ümumilikdə 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub. Tikinti-quraşdırma işləri 3 mərhələdə aparılır.
“Birinci mərhələ üzrə işlərin böyük hissəsi artıq tamamlanıb və dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. İkinci mərhələdə torpaq işləri və mühəndis qurğularının inşası yekunlaşmaq üzrədir. Bu hissə Xudafərin hidroqovşağının maksimal su səviyyəsindən aşağıda yerləşdiyi üçün burada əlavə körpülər və qoruyucu tədbirlər görülüb. Məhz bu mərhələdə Azərbaycanın ən uzun dəmir yolu körpüsü – uzunluğu 771 metr, 23 aşırımlı körpü inşa olunub”, – deyə o vurğulayıb.
Üçüncü mərhələ isə Mincivan–Bartaz–Ağbənd istiqamətini əhatə edir. Bu hissədə üç tunel və iki qalereyanın tikintisi sürətlə davam etdirilir. Tunellərdə artıq işlərin 71 faizi tamamlanıb. Hazırda komanda 99-cu kilometrdə, qayalıq və dik dağ relyefində yerləşən ərazidə çalışır. Burada qaya parçalarının qopma riskinə qarşı uzunluğu 108 metr olan monolit dəmir-beton qoruyucu qalereya inşa edilir.
Horadiz–Ağbənd dəmir yolu xətti üzrə 75,6 kilometr əsas xətt və 86 kilometr yan yollar üzrə çərçivələr quraşdırılıb, 6 kilometr rels döşənməsi başa çatdırılıb.
Ümumilikdə, layihə üzrə fiziki tərəqqi 68 faiz təşkil etdiyi deyilir. Biz isə buna öz gözümüzlə şahid olduq. Həkəri stansiyasındakı sakitliklə Ağbənd istiqamətindəki gərgin tikinti ritmi arasındakı fərq bu prosesin mərhələli və planlı xarakterini göstərir. Qaya relyefində, təbiətin sərtliyinə baxmayaraq, mühəndislərin və fəhlələrin əzmkarlığı, texnikanın ardıcıl fəaliyyəti burada yalnız dəmir yolunun deyil, həm də yenidənqurma ruhunun formalaşdığını hiss etdirir.
Ərazidə hər hərəkət, hər səs tikintinin ritmini hiss etdirirdi. Qayalıqlar arasında uzanan relslər, fənərlərin işığında işləyən fəhlələr, dəmir konstruksiyaların parıltısı bu yerlərdə həyatın yenidən bərpasının rəmzinə çevrilib. Horadiz–Ağbənd xətti azad edilmiş torpaqlarda yenidənqurma iradəsinin, insan əzminin və texniki gücün təcəssümüdür.