Dünyada plastik tullantıların həcmi niyə artır? - SOSİOLOQ AÇIQLADI

6 Noyabr 2025 17:06 (UTC+04:00)

“Plastik qablar və torbaların istifadədən sonra məişət tullantısı üçün qoyulan yeşiklərə deyil, küçəyə, parka, bir sözlə, hara gəldi atılması onsuz da qlobal iqlim dəyişmələri ilə müşahidə olunan dünyamıza zərbədir ki, endirir”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.

Onun sözlərinə görə, plastik məhsullar, xüsusilə də birdəfəlik istifadə edilən qablaşdırmalar, təbiətdə uzun müddət qalır: “Plastikin torpaqda parçalanması üçün 800 il, dənizdə isə 400 il vaxt tələb olunur. Belə isə insanlar əllərindəki plastik qab və torbaları dənizə və piknik etdikləri yerlərə atarkən iki dəfə fikirləşməlidir. Birincisi, öz mədəni səviyyələri barədə. Yəni mədəni bir insan əlindəki tullantını nə üçün tullantı yerinə deyil, hara gəldi atmalıdır. İkinci isə atdıqları hər bir plastik qab və torbanın dənizdə və quruda milyonlarla balıq, quş və heyvanın həyatını sonlandırdığını düşünməlidirlər.

Plastik qab və torbaların təhlükəsizləşdirilməsi ilə bağlı illərdir ki, dünya dövlətləri yollar axtarır. Meksika və Hindistan plastik torbalardan ümumiyyətlə imtina etmiş ölkələrdir. Lakin Avropa ölkələrində bizdə olduğu kimi, hələ də istifadə edilir. İnsanlar bilə-bilə ki, plastik qab və torbalar bütün canlı aləm üçün təhlükə yaradır, lakin hələ də bu məsələ köklü şəkildə həll olunmur. Çünki bu, böyük bir biznes sahəsidir və bu istehsalda Çin birinci yerdə dayanır. Hələ plastikin təkrar emalı məsələsi də var ki, bu, insanlar üçün daha təhlükəli vəziyyət yaradır. Çünki plastikin tərkibində kimyəvi maddələr var ki, onlar təkrar emal ediləndə daha təhlükəli olur. Odur ki, bütün dünyanın qlobal problemi olan plastik qab və torbalarla bağlı yaxın gələcəkdə yekdil qərar qəbul edilməsə, canlı aləmin hər il yeni bəlalarla üzləşməsi davam edəcək. Ölkəmizdə plastik torbalardan istifadəni azaltmaq məqsədilə market və mağazalarda onların satışı təşkil olundu. Lakin bu, əksinə, kimlərinsə qazancının çoxalmasına əsas yaratdı, lakin yenə də insan və heyvanların həyatının təhlükədən uzaqlaşmasında rol oynaya bilmədi.

Bir sözlə, məsələnin həllinə qətiyyən kömək edə bilmədi. Hər yerdə yenə də çox sayda plastik torbalarla qarşılaşırıq ki, bu da ümumilikdə ətraf mühit, canlı aləm üçün təhlükə yaradır. Yaxşı olar ki, bütün dünya plastik qab və torbaların istehsalını dayandırsın. Xüsusilə daha çox istifadə olunan torbalar kağız və parçadan istehsal edilməlidir. Bu, plastik torbaların hər il minlərlə canlının həyatına sona qoymasının, ətraf mühitin çirklənməsinin, həm də insan sağlamlığına təhlükə olan halların qarşısını ala biləcək yeganə yoldur”.

Müəllif: İlkin Məmmədkərimov