"Prezident İlham Əliyevin AMEA-da etdiyi çıxış çox təsirli və mesaj xarakterli idi. Çıxış həm elmi auditoriyaya, həm də ümumilikdə ölkənin gələcəyi ilə maraqlanan hər kəsə ünvanlanmışdı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu çıxış göstərdi ki, Azərbaycan elmi artıq yalnız nəzəri sahələrlə deyil, eyni zamanda praktik məsələlərlə də fəal məşğul olmalıdır: "Prezident xüsusilə vurğuladı ki, elmin dəyəri onun praktikada tətbiqi ilə ölçülür. Əgər elmi tədqiqatlar konkret nəticələr verir və gündəlik həyatda, iqtisadiyyatda və sosial sahələrdə tətbiq olunur, bu, həm ölkənin elmi potensialını, həm də siyasi və iqtisadi gücünü artırır. Təhlükəsizlik, tarix və digər aktual sahələr üzrə aparılan araşdırmaların zəruriliyi xüsusi diqqətə layiqdir, çünki bu sahələr ölkənin davamlı inkişafına birbaşa təsir göstərir.
Tarixi saxtalaşdırmalara qarşı mübarizə məsələsinə də çıxışda toxunuldu. Bildirildi ki, bir vaxtlar Azərbaycan tarixi Rusiya və Sovet İttifaqı tərəfindən təhrif olunub və hətta bəzi qonşu ölkələrin nümayəndələri bizim tariximizi öz maraqlarına uyğun yazmağa çalışıblar. Bu uydurmaların ifşa olunması və həqiqətlərin geniş elmi auditoriyaya çatdırılması vacibdir. Bu iş təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də həyata keçirilməlidir. Əsas tarixi mənbələrə əsaslanaraq xəritələrin və toponimlərin öyrənilməsi, bərpası və qorunması xüsusi əhəmiyyət daşıyır.
Prezident həmçinin Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı vacib mesajlar verdi. Dilimiz, tariximiz və digər ideoloji sütunlarımız nə qədər möhkəm olarsa, ölkəmiz çətin zamanlarda bir o qədər uğurla ayaqda qala və inkişaf edə bilər. Bu, yalnız milli kimliyimizin qorunması baxımından deyil, həm də ölkənin uzunmüddətli strateji maraqlarının təmin olunması baxımından önəmlidir".