“Zəfər günü Azərbaycan tarixində ən vacib günlərdən biridir“ - ŞƏRH OLUNDU

6 Noyabr 2025 16:46 (UTC+04:00)

“Azərbaycan Zəfər gününün beşilliyini qeyd edir. Zəfər günü, təbii ki, Azərbaycan tarixində ən vacib günlərdən biridir. Bu, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası anlamına gəlir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, eyni zamanda, Zəfər günü iqtisadi baxımdan da Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir: “Uzun müddət işğal altında olan torpaqlarımız azad edilib, bərpa və yenidənqurma mərhələsinə qədəm qoyulub. Artıq bu ərazilərdə iqtisadiyyat formalaşır, iqtisadi reinteqrasiya ilə bağlı ciddi işlər aparılır.

Digər tərəfdən, kifayət qədər böyük infrastruktur layihələri həyata keçirilir. Bu isə həmin bölgələrə yalnız daxili deyil, həm də xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəqliyyat və logistika ilə bağlı aparılan işlər və formalaşan infrastruktur yaxın illərdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə birlikdə regionda iqtisadi dinamizmi daha da artıracaq. Bu, region üçün yeni imkanlar deməkdir. Bu baxımdan Zəfər yalnız siyasi və strateji üstünlüklər baxımından deyil, iqtisadi üstünlüklər baxımından da Azərbaycan üçün və ümumiyyətlə Qafqaz regionu üçün inkişafın yeni mərhələsi hesab olunur.

Azərbaycan sülh təşəbbüsləri ilə uyğun olaraq regionda əməkdaşlığın təşviqi istiqamətində addımlar atır. O cümlədən, Azərbaycan ərazisindən keçən Ermənistanla sərhəd əlaqələri və kommunikasiyalarla bağlı məhdudiyyətlər aradan qaldırılır. Bu da onu göstərir ki, Zəfərdən sonrakı mərhələmiz artıq inkişaf və əməkdaşlıq mərhələsidir. Bu da təbii ki, regionun gələcəyi üçün yeni bir səhifə açır”.