Bölgələrdə müəllim çatışmazlığı: Səbəb və çıxış yolları - QURUMDAN AÇIQLAMA

6 Noyabr 2025 16:28 (UTC+04:00)

Kənd məktəbləri ölkənin təhsil sisteminin əsas sütunlarından biridir. Lakin son illərdə aparılan müşahidələr göstərir ki, şəhərlərlə müqayisədə kənd yerlərində təhsilin səviyyəsi nisbətən aşağıdır. Bunun əsas səbəblərindən biri müəllim çatışmazlığı və ixtisaslı pedaqoqların kəndlərdə işləməyə marağının az olmasıdır.

Bir çox gənc müəllimlər iş şəraiti, yaşayış yeri fərqlərinə görə şəhər məktəblərində çalışmaq istəyirlər. Nəticədə kənd məktəblərində bəzi fənlər üzrə dərs deməyə ixtisaslı müəllim tapmaq çətinləşir. Bu isə şagirdlərin bilik səviyyəsinə, tədrisin keyfiyyətinə və nəticə etibarilə bölgələrdə təhsil bərabərliyinə mənfi təsir göstərir.

Dövlət son illərdə bu problemi aradan qaldırmaq üçün “Müəllimlərin işə qəbulu imtahanı”, “Müəllimlərin kənd yerlərinə ezamı” kimi proqramlar həyata keçirir. Lakin bu addımların davamlı olması və kənd müəllimlərinə əlavə sosial güzəştlərin verilməsi zəruridir.

Təhsilin keyfiyyəti yalnız dərs otağında deyil, müəllimin motivasiyasında formalaşır. Əgər kənd müəllimi özünü dəyərləndirilmiş hiss etsə, kənd uşaqları da gələcəyin alimləri, mühəndisləri, həkimləri ola bilərlər.

SİA olaraq Elm və Təhsil Nazirliyinə müraciət etdik. Rəsmi qurumdan aldığımız məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat məbləğində kompensasiya verilir: "Bundan əlavə rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödənilir.

Ümumtəhsil müəssisəsində hər hansı fənn üzrə müəllim çatışmazlığı yarandığı təqdirdə həmin yer vakant olaraq müsabiqəyə çıxarılır. İl ərzində vakant yerlər yarandıqda ehtiyat kadrlar hesabına müəllimlər cəlb edilir. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda əvəzçilik qaydasında məktəbə yaxın məsafədə yerləşən digər ümumi təhsil müəssisəsindən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla və ya əvvəlki illərdə həmin məktəbdə çalışmış yaş həddində olan müəllimlər cəlb edilə bilər. Qeyd edirik ki, hazırda tutulmayan vakansiyaların müəllimlərlə təminatı istiqamətində zəruri tədbirlər görülür”.

Günay Hacıyeva