Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 30 illik yubileyi qeyd olunub

6 Noyabr 2025 15:56 (UTC+04:00)

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) və Avropa İdman Jurnalistləri İttifaqının (AIPS Europe – UEPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA fəaliyyətinin 30 illik yubileyini qeyd edib. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə ölkənin tanınmış idman jurnalistləri, media rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri, dövlət və müxtəlif idman qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan AİJA prezidenti Eldar İsmayılov Assosiasiyanın 1995-ci ilin 6 noyabr tarixindən bu günədək keçdiyi inkişaf yolundan, idman jurnalistikasının formalaşmasında və beynəlxalq aləmdə Azərbaycan mediasının tanıdılmasındakı rolundan danışıb. O bildirib ki, AİJA bu illər ərzində çoxsaylı layihələrə, beynəlxalq təlimlərə və idman tədbirlərinə imza ataraq peşəkar idman jurnalistikasının inkişafına töhfə verməyə çalışıb.

Mərasimdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının, eləcə də Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) təbrikləri səsləndirilib və AİJA İdman Mükafatlarının qaliblərinə plaketləri təqdim olunub.

Təbrik üçün söz alan qonaqlar, çıxışlarında ötən 30 il ərzində AİJA-nın səmərəli fəaliyyətini xüsusilə vurğulayaraq, Assosiasiyanın gələcəkdə daha böyük uğurlara imza atacağına inamlarını bildirdilər.

Tədbir çərçivəsində AİJA-nın 30 illik fəaliyyətini əks etdirən qısa video-çarx nümayiş etdirilib.

Sonda təşkilatın gələcək planları, gənc jurnalistlərin peşəkar inkişafı üçün nəzərdə tutulan yeni layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib.