AQTA-da Zəfər Günü qeyd olunub - FOTOLAR

6 Noyabr 2025 14:36 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarla birgə 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir keçirilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Azərbaycan Ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad etməsi nəticəsində qazanılan tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb.

Tədbirdə Vətən müharibəsində iştirak etmiş agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər və onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.