Fransa Belarus vətəndaşını ABŞ-a ekstradisiya edib…

6 Noyabr 2025 21:16 (UTC+04:00)

...İxrac nəzarəti tədbirlərini pozaraq Rusiyaya Amerika təyyarə hissələrinin göndərilməsində iştirak etdiyinə görə saxlanılan 33 yaşlı Belarus vətəndaşı Yana Leonova Fransa hakimiyyəti tərəfindən ABŞ-a təhvil verilib.

SİA xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti müvafiq məlumatı yayıb.

Bəyanata görə, Yana Leonova "qaçaqmalçılıq, çirkli pulların yuyulması və ABŞ-ı aldatmaq məqsədilə ixrac nəzarəti tədbirlərini pozmaq üçün sui-qəsd ittihamı ilə Fransadan ekstradisiya edilib".

Ötən çərşənbə, 5 noyabr tarixində o, Kolumbiya dairəsində məhkəmə qarşısına çıxıb. ABŞ hakimiyyətinin məlumatına görə, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Leonova ABŞ vətəndaşlarının iştirakı ilə "qanunsuz olaraq ABŞ-dan Rusiyaya avionika və digər aviasiya avadanlıqları ixrac edib".

İddia olunur ki, bu avadanlıq Leonovanın əvvəllər işlədiyi ABŞ sanksiya siyahısındakı bir şirkətə məxsus "şəxsi təyyarədə" istifadə edilib.

Əli Babayev