Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində dövlət büdcəsinə əlavə 623 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır. SİA xəbər verir ki, bu barədə Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin gözlənilən nəticələri və təsirlərindən danışan O.Nəzərli deyib ki, xaricdən əldə olunan dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin, investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək. "Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin bərbər və gözəllik sahəsində xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək", - deyə o vurğulayıb.