Cari ilin üçüncü rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. SİA bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk üç rüb ərzində terminal təxminən 159 milyon barel neft və kondensat (4,22 faiz azalma) ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk üç rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 74,5 milyon standart kubmetr (təxminən 2 milyard 629 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.
İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. 230 milyon dollar dəyərində olan bu layihə terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
STEL layihəsi Cəbrayıl rayonunda 240 meqavat AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” Günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
Yekun investisiya qərarından bəri STEL layihəsi üzrə işlər – o cümlədən mühəndis-layihələndirmə, təchizat, quraşdırma və tikinti işlərini əhatə edən bütün əsas müqavilələr üzrə fəaliyyətlər, təhlükəsiz şəkildə və qrafikə uyğun olaraq davam edir.
STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçirilir və idarə olunur. Layihə üzrə tikinti işlərinin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.