Xəzər dənizindəki ekoloji fəlakətin qarşısının alınması üçün vəsait ayrılması təklif olunur. SİA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
Onun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin iki metrədək azalması ekoloji təhlükəsizlik baxımından risk yaradır: "Bu riskin qarşısının alınması üçün yağış sularının toplanması, çirkli suların təmizlənməsi ilə bağlı tədbirlərə vəsaitlərin ayrılması məqsədəuyğun olar. 2026-cı ilin dövlət büdcəsindən ekoloji xərclərə ayrılan vəsaitin artırılması, onların düzgün xərclənməsi ekoloji məsələlərin həlli baxımından vacibdir".