“İcmal büdcənin dayanıqlıq göstəriciləri içində ən önəmli parametrlərdən biri dövlət borcunun ÜDM-ə nisbətidir. Mövcud hesablamalara əsasən, növbəti il bu nisbət 30 faizdən aşağı səviyyədə olacaq və bu, fiskal dayanıqlığın qorunduğunun göstəricisidir”. SİA xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri çərçivəsində keçirilən komitə iclasında Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, dövlət borcunun idarə olunması siyasəti uzunmüddətli sabitliyin təmin edilməsinə yönəlib və bununla bağlı qanunvericilik çərçivəsində yenilənmiş mexanizmlər tətbiq olunur. Gülməmmədov bildirib ki, borc yükünün strukturunun optimallaşdırılması, borc öhdəliklərinin müddətinin uzadılması və risklərin azaldılması əsas hədəflər kimi müəyyən edilib.
Palata sədri qeyd edib ki, 2026-cı il üçün büdcə sənədi hazırlanarkən qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər, enerji bazarlarında qiymət dəyişkənliyi, fiskal nizam-intizamın qorunması və maliyyə dayanıqlığının təmin edilməsi xüsusi nəzərə alınıb. Büdcə layihəsinə əlavə edilən izahat sənədində həm risklər, həm də bu risklərin yumşaldılması üçün yaradılan ehtiyat mexanizmləri əsaslandırılıb.
Vüqar Gülməmmədov bildirib ki, gələn il üzrə büdcə proqnozlarında gəlir mənbələrinin bir qismində artım, bəzilərində isə azalma gözlənilsə də, ümumi gəlir bazasının dayanıqlığı təmin edilib. Onun sözlərinə görə, sənaye və ticarət sektorlarında vergi inzibatçılığının təkmilləşdirilməsi, sadələşdirilmiş vergi mexanizmlərinin yenilənməsi və iqtisadi fəallığın genişlənməsi gəlirlərin daha səmərəli toplanmasına imkan verəcək.
Palata sədri vurğulayıb ki, növbəti il dövlət büdcəsinin kəsiri 2,6 milyard manat həcmində proqnozlaşdırılır və kəsirin əsas hissəsinin daxili borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Bu isə borc yükünün xarici bazarlardan asılılığını minimuma endirməyə və maliyyə sabitliyini qorumağa imkan verir.