“Hazırda Azərbaycanın ümumi dövlət borcunun məbləği 25,4 milyard manat təşkil edir. Bunun 8,3 milyard manatı xarici borcun, qalan hissəsi isə daxili borclanmanın payına düşür. Bu göstəricilər onu deməyə əsas verir ki, dövlət borcumuzun ümumi səviyyəsi və xarici bazar risklərinə həssaslıq kifayət qədər aşağıdır”. SİA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti cəmi 8,8 faiz təşkil edir ki, bu da beynəlxalq qiymətləndirmələrə görə ən təhlükəsiz hədlərdən biri hesab olunur. Onun sözlərinə görə, bir çox ölkələrdə bu göstərici 50 faizə qədər normal qəbul edilir, lakin Azərbaycan bu baxımdan çox daha sabit mövqeyə malikdir.
Sahil Babayev vurğulayıb ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlət borcunun strukturunda əhəmiyyətli dəyişikliklər baş verib. Əvvəllər xarici borclanmanın çəkisi üstünlük təşkil edirdisə, hazırda daxili borclanma alətlərinin payı xeyli artırılıb: “Əgər əvvəlki illərdə daxili istiqrazların payı 1 faiz səviyyəsində idisə, indi bu göstərici 30 faizə çatdırılıb. Bu, həm dövlət borcunun idarəetməsində çevikliyi artırır, həm də xarici maliyyə bazarlarından asılılığı azaldır”.
Nazir diqqətə çatdırıb ki, Dövlət Neft Fondunda toplanmış vəsaitlərin həcmi təxminən 56 milyard dollardır və bu məbləğ Azərbaycanın xarici borcunu təxminən 17 dəfə üstələyir: “Bu, ölkənin maliyyə dayanıqlığının yüksək olduğunu, borc öhdəliklərinin təhlükəsiz və problemsiz icra olunduğunu göstərir”. 2026-cı il üçün dövlət büdcəsində borca xidmət xərclərinin tam təmin olunduğunu qeyd edən Sahil Babayev bildirib ki, borc idarəçiliyi siyasəti bundan sonra da prudensial və riskə əsaslanan prinsiplər üzərindən davam etdiriləcək.
Nazir həmçinin sosial müdafiə və səhiyyə xərclərinin əhəmiyyətli şəkildə artırıldığını vurğulayıb: “Sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat təşkil edir ki, bu da son 5 ildə təxminən 41 faiz artım deməkdir. Səhiyyə xərcləri isə gələn il üzrə 2 milyard manat səviyyəsində müəyyən olunub və bu istiqamətdə son illərdə 2 dəfədən çox artım qeydə alınıb”. Eyni zamanda, müdafiə və milli təhlükəsizlik xərclərinin yüksək səviyyədə maliyyələşdirilməsi də davam edir. Bu istiqamətə 8,7 milyard manat, iqtisadi fəaliyyət sahələrinə isə 7,9 milyard manat ayrılıb.