"Bu il Azərbaycan 8 Noyabr - Zəfər Gününün 5 illik yubileyini qeyd edir. 2020-ci ildə əldə olunan bu qələbə təkcə hərbi-siyasi zəfər deyil, həm də milli iradənin, siyasi birliyin və beynəlxalq hüququn bərpasının parlaq təzahürü idi. Qarabağın azad olunması ilə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda güc balansını əsaslı şəkildə dəyişdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, son beş ildə regionun geosiyasi mənzərəsi tamamilə yenidən formalaşıb. Azərbaycan artıq təkcə Cənubi Qafqazda deyil, həm də daha geniş Avrasiya məkanında strateji oyunçu kimi çıxış edir. Müharibədən sonrakı dövrdə ölkənin diplomatik fəallığı, iqtisadi potensialının artması və enerji marşrutları üzərindəki nəzarəti onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi: "Zəfər Günündən sonra Azərbaycan dövlətinin xarici siyasəti daha çox sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətinə yönəldi. Ermənistanla sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlar, sərhədlərin delimitasiyası və yeni nəqliyyat dəhlizlərinin açılması bu prosesin davamıdır. Bu təşəbbüslər Azərbaycanın regionda sabitlik yaradan əsas qüvvə kimi rolunu möhkəmləndirir. Zəfər həm də milli kimlik və ictimai şüur səviyyəsində böyük dəyişikliklər yaratdı. Uzun illər davam edən işğalın sona çatması xalqda özünəinamı və milli qüruru bərpa etdi. Bu, təkcə hərbi qələbə deyil, həm də mənəvi, mədəni və ideoloji dirçəliş idi. İndi Azərbaycan gəncliyi Zəfər Gününü sadəcə bir tarix kimi deyil, müstəqil və güclü dövlətin simvolu kimi qəbul edir.
Eyni zamanda, bu beş il ərzində dövlətin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma layihələri ölkənin sosial-iqtisadi inkişaf modelinə yeni nəfəs gətirdi. “Ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları Azərbaycanın gələcəyə baxışının müasir və innovativ olduğunu göstərir. Bütün bu reallıqlar fonunda 8 Noyabr Zəfər Günü artıq təkcə qələbənin xatırlanması deyil, həm də Azərbaycanın gələcək inkişaf vizyonunun təcəssümü kimi qəbul edilir. Bu gün həm tarixi ədalətin bərpası, həm də dövlətçiliyin ideoloji sütunlarından biri sayılır. Zəfər Gününün 5 illik yubileyi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndiyi, beynəlxalq nüfuzunun artdığı və milli birliyin daha da gücləndiyi mərhələni simvolizə edir. Bu qələbə, ölkənin yalnız keçmişinə deyil, həm də gələcəyinə inamın rəmzidir".