"Apple” ucuz noutbuk hazırlayır

6 Noyabr 2025 05:51 (UTC+04:00)

"Apple” şirkəti “iPhone” prosessoru ilə işləyəcək yeni və daha əlçatan qiymətli “MacBook” üzərində çalışır. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilib ki, sadələşdirilmiş “iPhone” çipi ilə təchiz ediləcək bu modelin 2026-cı ilin ilk yarısında təqdim olunması planlaşdırılır. Yeni noutbuk kompakt dizaynı və planşet rahatlığını üstün tutan istifadəçilər üçün nəzərdə tutulur.

Qurğunun qiymətinin 1000 dollardan aşağı olacağı ehtimal edilir. “Apple” hazırda “iPad” və “Magic Keyboard” paketinin birgə qiymətini təxminən 600 dollar səviyyəsində saxlayır və yeni modelin də bu seqmentdə rəqabət aparacağı gözlənilir. Əsas fərq ondan ibarətdir ki, bu noutbuk “iPadOS” deyil, “macOS” əməliyyat sistemi ilə çalışacaq. Beləliklə, yeni cihaz daha uzun batareya ömrü və planşetlə müqayisədə yüksək funksionallıq təklif edəcək.