“Valideynlər yalnız dediklərinə deyil,..." - PSİXOLOQ DANIŞDI

5 Noyabr 2025 16:59 (UTC+04:00)

“Psixoloji xəstəliklər iki əsas qaynaqdan yaranır: genetik və mühit faktoru. Genetik xəstəliklər məsələn, şizofreniya, bipolyar pozuntu və digər ağır psixi diaqnozlar ailədən uşağa ötürülə bilər. Bu, birbaşa övlad deyil, bacı-qardaş uşaqlarında da özünü göstərə bilər. Əgər ailə tarixində belə hallara rast gəlinibsə, genetik risk var deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, digər tərəfdən isə bir çox psixoloji problemlər irsi yox, öyrənilmiş travmalardan qaynaqlanır. Valideynin davranışları, qorxuları, travmaları uşağa bilmədən ötürülür. Məsələn, əgər valideyn pişikdən qorxursa və bu qorxunu davranışları ilə daim göstərirsə, uşaqda da eyni fobiya yarana bilər, halbuki uşaq heç bir pis təcrübə yaşamayıb. Həmçinin, ailədaxili münasibətlər, xüsusilə valideynlər arasında konflikt və ya nifrət övladlarda gələcək münasibətlərə qarşı neqativ yanaşma formalaşdıra bilər. Məsələn, ananın kişi nifrəti qız övladda kişilərə qarşı əsassız güvənsizlik və ya qorxu ilə nəticələnə bilər.

Bütün bunlar göstərir ki, valideynlər yalnız dediklərinə deyil, göstərdikləri davranışlara və emosional reaksiya formasına da diqqət etməlidirlər. Uşaqlar müşahidə ilə öyrənir və yaşadıqları mühit onların psixoloji sağlamlığında əsas rolu oynayır. Əgər valideyn travma yaşayıbsa, bunu uşağa ötürməmək üçün izah verməli, məsuliyyəti öz üzərinə götürməli və bunu uşağa aid etməməlidir. Yəni, “mən qorxuram, amma sən qorxmalı deyilsən”, “bizim münasibətimiz alınmadı, amma bu bütün kişilər pisdir demək deyil” kimi açıqlamalar verilməlidir. Psixoloji sağlamlıq tək genetik yox, valideynin davranış, münasibət və emosional reaksiya formasından da asılıdır”.