“Konstitusiya və Suverenlik İli” çərçivəsində noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə və ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə “Fərqliliyin rəngi” adlı festival keçirilib. SİA xəbər verir ki, tədbir Bakı Ekspo Mərkəzində baş tutub. Festivalın məqsədi ölkəmizdə mövcud olan konfessiyalararası həmrəyliyi, milli birliyi, mənəvi vəhdəti və dini-mədəni müxtəlifliyin unikal modelini təqdim etmək, eləcə də dini icmaların adət-ənənələri və mədəni irslərinin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.
Festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri və digər məzmunlu sərgilər təqdim edilib.
Festival iştirakçıları Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsi, müxtəlif yəhudi icmaları, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi icması, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmaları daxil olmaqla bir çox dini qurumların stendləri ilə tanış olublar.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunub.
Festivalda çıxışlar edilib və daha sonra dini konfessiyaların musiqi qruplarının iştirakı ilə bədii proqram təqdim olunub. Sonda dini icmaların nümayəndələrinə və “AMİN” könüllülərinə təşəkkürnamələr təqdim olunub.