Əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

5 Noyabr 2025 15:59 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes sektoru ilə növbəti əməkdaşlığı “Baker Tilly International” şəbəkəsinin Azərbaycandakı nümayəndəsi və ölkənin qabaqcıl audit şirkətlərindən biri olan “Baker Tilly Audit” Azərbaycan QSC ilə həyata keçirilib. Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə “Baker Tilly Audit Azərbaycan”ın təsisçisi və idarəedici partnyoru Samir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. UNEC-dən SİA-ya bildirilib ki, görüşdə rektor, professor Ədalət Muradov universitet - iş dünyası əməkdaşlığında səmərəliliyin artırılmasının vacibliyini vurğulayıb. Rektor UNEC-də biznes sektoru ilə əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən yeniliklərdən də söz açıb. Həmçinin tələbələrin iş dünyasının tələbələrinə uyğun bacarıqlar qazanması məqsədilə tədris prosesində tətbiq edilən yenilikləri diqqətə çatdırıb.

Samir Vəliyev məzunu olduğu universitetlə əməkdaşlıq etməkdən məmnunluğunu bildirərək, UNEC-də son illərdə həyata keçirilən yenilikləri və məzunların iş dünyasına hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Hazırda “Baker Tilly”də çalışanların böyük qismini (46 faiz) UNEC məzunlarının təşkil etdiyini vurğulayan Samir Vəliyev onların biliyi, peşəkarlığı, innovativ yanaşmaları, çalışqanlıqları ilə daim fərqləndiklərini deyib. O, UNEC məzunları ilə bir komandada çalışmağın rahat və effektiv olduğunu qeyd edib.

Görüş zamanı hər iki tərəf yaradılan əməkdaşlığın universitet və iş dünyası üçün faydalı nəticələr verəcəyinə dair əminliklərini ifadə ediblər.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə birgə elmi-praktik fəaliyyətin həyata keçirilməsi, təcrübə mübadiləsi və tələbələrin inkişafına yönəlik müxtəlif layihə və tədbirlərin icrası nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Baker Tilly Həftəsi”, “CEO Talks” görüşlərinin təşkili, “Baker Tilly Auditoriyası” və “Baker Tilly” tələbə qrupunun yaradılması planlaşdırılıb. Bundan əlavə, şirkətdə çalışan UNEC məzunlarının tələbələrlə görüşləri və karyera sərgilərində iştirakı da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alıb.