Mətləb Salahov: “Erməni baş nazirin hazırkı siyasəti Rusiyanın ənənəvi “erməni kartını” da sıradan çıxarıb”
“Hazırda Nikol Paşinyan siyasi baxımdan və hakimiyyət təhlükəsizliyi baxımdan özünü sərbəst hiss edir desəm yanılmaram. Çünki cəmi bir neçə ay öncə olduğu kimi erməni baş nazir artıq qapı-qapı gəzib siyasi dəstək axtarmır. Üstəlik, erməni cəmiyyətində də hazırkı hakimiyyət başçısını dəstəkləyən kütlənin sayı kifayət qədər yüksəkdir. N.Paşinyan Azərbaycanla münasibətləri düzəltdikcə, xüsusilə kommunikasiya xətlərinin tədricən açılması ilə Ermənistan ictimai rəyində daha çox rəğbət sahibi olmağa başlayıb. Azərbaycan vasitəsi ilə Qazaxıstan taxılının Ermənistana daşınması ilə rəsmi Bakının Ermənistan üçün kritik önəmini bütün erməni cəmiyyəti bir daha aydın şəkildə dərk etdi. Dərk etdi ki, Azərbaycanla inteqrasiya iqtisadi tənəzzül içində bolulan Ermənistan üçün hava və su qədər vacibdir. Bu proses isə sülh və inteqrasiya təbliğatı aparan N.Paşinyanın mövqelərini getdikcə möhkəmləndirir”.
Bu barədə SİA-ya şərhində Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırda N.Paşinyan Rusiyayönümlü qüvvələr də daxil olmaqla İrəvandakı revanşist ünsürləri tamamilə ictimai-siyasi səhnədən silməklə məşğuldur. “Diqqət edin, artıq vəziyyət o həddədir ki, Rusiyanın Ermənistanda özünə rıçaq axtarmaq işi həddindən artıq çətinləşib. Daima Rusiyanın himayəsində olan bundan öncəki hakimiyyətlərin Ermənistanı talayıb sovurduqlarını, sosial fəlakət içində qoyub qaçdıqlarını erməni cəmiyyəti daha aydın dərk edir. Robert Koçaryan, Serj Sarkisyan, elə Levon Ter Petrosyan belə küçəyə çıxarmağa adam tapa bilmirlərsə və erməni ictimai rəyi bu fəlakətə görə Rusyanı günahkar elan edirsə, bu, o deməkdir ki, illərdir Moskvanın Ermənistan siyasətinə hesablanmış “erməni kartı” artıq işə yaramır.
Rusiya hazırda Ermənistanda kütlənin etibarını qazanacaq populist siyasi fiqur axtarışındadır. Lakin erməni cəmiyyəti Ermənistanı “quyunun dibindən” çıxarmaq üçün bölgədə inteqrasiya və sülh ritorikası ilə çıxış edən hazırkı baş naziri güclü şəkildə dəstəkləyir. Ermənilər artıq Rusiyanın ələbaxan vilayəti olmaq istəmirlər. Bu isə o deməkdir ki, N.Paşinyan ictimai rəy və siyasi müdaxilə mənasında Vladimir Putinin “əllərini” İrəvandan kəsir”.
Ayşən Vəli